Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sentyabrın 21-də UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” və Norveçin “Molde” komandaları arasında oyunla bağlı müraciət edib.
Bunu Globalinfo.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
Müraciətdə sürücülərdən sentyabrın 21-də “Qarabağ” və Norveçin “Molde” komandaları arasında Bakıda keçiriləcək oyuna gələrkən əsasən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunub: “Matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Ərazidə metronun “Gənclik” stansiyasının olması və avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika Stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.
Bir daha əsasən ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”.