Düşmənin dilini bilmək niyə vacibdir?

Düşmənin dilini bilmək niyə vacibdir?

Qazax ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Abay Kunanbayevin gözəl bir sözü var: “Өзге тілдің бәрін біл, өз тіліңді құрметте”. Yəni özgə dillərin hamısını bil, öz dilinə hörmət et. Təəssüf ki, bu gün biz başqa dili bilənləri yıxıb-sürüməyi daha üstün bilirik. Bir neçə gün öncə sosial şəbəkələrdə Hasmik adlı erməni qızının Azərbaycan dilində səlist danışmasına dair video yayıldı. Bu, Azərbaycan dilində danışan nə ilk, nə də son ermənidir. Düşmən hər zaman bizim türkcəmizdə danışmağa can atıb. Amma biz heç vaxt düşmənin dilini öyrənmək istəməmişik. Öyrənmək istəyənə də üstdən aşağı baxmışıq. Hətta az qala elə adamları xəyanətdə suçlayaq.

Xatırlayırsınızsa, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ermənilər oturub bizim televiziya kanallarını izləyirdilər. Bütün məlumatları bizdən əldə etməyə çalışırdılar. İndi siz deyin, düşmən dilini bilməyin nəyi pisdir? Düşməndən məlumat əldə etməyin nəyi günahdır?

Gəlin, bəyənmədiyimiz ermənilərə diqqət yetirək. Bu adamlar ömür boyu adət-ənənəmizi, mədəniyyətimizi oğurlayıblar, mətbəximizə qədər gəlib giriblər. Niyə?

Nəyin sayəsində? Məhz dilimizi bildikləri üçün hər şeyi özəlləşdiriblər. Olmayan tarixlərindən nəyisə silməyiblər. Əksinə, dilimizi bildikləri üçün hər şeyi oğurlayıblar. Bəs biz niyə erməni, rus, ingilis və sair dilləri öyrənməyək?

Bu gün əksər uşaqlar rus sektorunda təhsil alır, şəhərdə də o dildə danışanlara tez-tez rast gəlmək olur. Hətta ruslarla yaxşı münasibətimiz olduğu halda belə, bu dilə görə bəzi “vətənpərvərlər” həmin şəxsləri sosial şəbəkə üzərindən tənqid, hətta təhqir atəşinə tuturlar. Valideynləri övladlarını rus məktəblərinə göndərdikləri üçün az qalsın düşmən gözündə görürlər. Soruşduqda isə deyirlər ki, rus dilində danışanlara görə mədəniyyətimiz, dəyərlərimiz, adət-ənənələrimiz tarixdən silinir. Elə bilirlər ki, başqa ölkənin dilini bilməklə, kimlik unudulur.

Heç kim əlavə dil bilməklə, başqa dildə danışmaqla vətən xaini olmur. Vətənsevərlik, insanlıq, şərəf, mənəviyyat və s. hamısı gendən gələn məsələdir. Bir insanın şərəf və ləyaqəti yoxdursa, xalqına, millətinə hörməti yoxdursa, bir dil bilsə də eyni adam olacaq, beş dil bilsə də.

Düşmənin dilini bilmək isə bizə çox şey verə bilər.

Düşmənin dilini bilmək niyə vacibdir?

Zaira Akifqızı
Globalinfo.az