Dünya “Xorasan” deyir, Rusiya “Kiyev”… – Teraktın əmri haradan verilib?

Almaniyanın federal daxili işlər naziri Nensi Faser ölkəsinin İŞİD təhlükəsi ilə üzləşdiyini bildirib. O qeyd edib ki, söhbət İŞİD-in Xorasan regional qolundan gedir.

Ümumiyyətlə, qərb ölkələri “Krokus Siti Holl”da baş verən terror aktına görə İŞİD-i ittiham edir.

Bəs reallıq necədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Moskva konkret dəlil və etirafların olmasına baxmayaraq, əsassız şəkildə Ukraynanı günahlandırır:

“İŞİD bəyan edib ki, Moskvadakı terroru onun üzvləri törədib. Hətta hadisə ilə bağlı görüntüləri də paylaşıb. Digər diqqətçəkən məqam isə terroru həyata keçirənlərlə bağlıdır. Saxlanılan şəxslər etiraf ediblər ki, onlar İŞİD-ə bağlıdır. Hadisəni törədən şəxslərin Tacikistan vətəndaşları olması da onların İŞİD-in Xorasan regional qolundan olduğunu sübut edir.

Mümkündür ki, İŞİD təlimatçıları qəsdən Ukrayna marşrutunu seçiblər. Belə ki, İŞİD bununla Rusiya-Ukrayna müharibəsini daha da alovlandırmaq istəyə bilərdi.

Bütün hallarda Kreml terrorun arxasında Ukraynanın dayandığını təbliğ etməklə bu ölkəyə qarşı işğalı genişləndirməyi planlayır. Bundan başqa, Kiyevi terrora dəstək verən mərkəz kimi göstərərək imicinə zərbə vurmaq istəyir”.

Turan Rzayev
Globalinfo.az