Dünya liderləri İlham Əliyevi təbrik edirlər

Dünya liderləri İlham Əliyevi təbrik edirlər

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

    “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

    Zati-alinizi ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik etməkdən və səmimi arzularımı çatdırmaqdan çox məmnunam.

    Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq diləyirəm.

    Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm”.

    X X X

    İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

      “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

      Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

      Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.

      Qardaş ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək istəyimizi bir daha bəyan edirik.

      Zati-alinizə salamlarımızı və ehtiramımızı çatdırırıq”.

      X X X

      Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

      Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

        “Zati-aliləri.

        Şanlı Zəfər Gününün beşinci ildönümü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

        Bu gün Zati-alinizin uzaqgörən rəhbərliyi ilə Vətəninin suverenliyini və ərazi bütövlüyünü fədakarlıqla bərpa edən Azərbaycan xalqının əzmkar mübarizəsinin və qətiyyətinin qürurverici təntənəsidir. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycanın müasir tarixində ədalətin, dözümlülüyün və milli birliyin rəmzi olan əlamətdar bir nailiyyət kimi qalır.

        Bu il Qələbə Gününün qeyd olunması Ermənistanla münasibətlərdə əhəmiyyətli inkişafdan sonra regionda davamlı sülhə doğru müsbət nəticələrin təşviq edilməsi ilə üst-üstə düşdüyündən xüsusi əhəmiyyət daşıyır. Bu tarixi məqam hamı üçün sabitlik, əməkdaşlıq və firavanlıqla təmin olunacaq gələcəyin qurulması üçün yeni ümidlər doğurur.

        Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli və ardıcıl dəstəyini bir daha təsdiqləyir. Əminəm ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq və qardaşlıq əlaqələri qarşıdakı illərdə də möhkəmlənəcəkdir.

        Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzularımı çatdırıram.

        Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.