Donald Trampın andiçmə mərasimi zamanı ətrafına siyasi liderləri deyil, dünyanın texnoloji elitasını birləşdirməsi diqqət çəkib. İnaqurasiyada dünyanın texnoloji liderləri də iştirak edirdi.
Onların adlarını təqdim edirik:
- Mark Zukerberq (Meta )
- Ceff Bezos (Amazon)
- Sundar Pichai (Google)
- Tim Kuk (Apple)
- İlon Mask (Tesla və SpaceX )
- Sam Altman (OpenAI )
- Shou Zi Chew (TikTok)
Maraqlıdır ki, bunların bir çoxu Trampın əvvəlki prezidentlik dönəmində onunla düşmən münasibətlərində olublar. Bu nəyin anonsudur?
Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov bu məsələnin diqqət çəkdiyini qeyd edib.
O, Donald Trampın siyasi səhnədə öz imzası, dəst-xətti olan bir lider olduğunu vurğulayıb:
“Birinci prezidentlik dövründə də Donald Tramp qeyri-adi addımları ilə ictimaiyyəti, analitikləri çarşdırırdı, bu dəfə də elə oldu. Trampın məhz texnologiya sahəsinin giqantlarını ətrafına yığmaqda səbəb hazırki sualları yaratmaq üçün də ola bilər. Ola bilsin ki, o, insanlarda müəyyən çaşqınlıq yaratmaq üçün belə edib. Bu addımın özü də Trampın mətbuat səhifələrinə çıxması üçün bir mövzudur. Yəni mətbuata çıxmaq, özünü mətbuatda göstərmək üçün atılan addımlardan biridir. Digər tərəfdən ola bilər, Tramp göstərmək istəyir ki, o bundan sonraki siyasətində Amerikanın inkişafı üçün həmin texnologiya giqantları ilə əməkdaşlıq edəcək. Onun dediklərində, yanaşmasında bəlkə də həqiqət var”.
Vəli Əlibəyov deyib ki, zamanla cəmiyyətimiz rəqəmsallaşır və məhz o rəqəmsallaşma gələcək inkişafın zəminini yaradır:
“Hansı ölkələr ki, bunu başa düşüb, trendin arxasınca yedib, məhz bu sahələri öz ölkəsində inkişaf etdirəcəklərsə, onlar daha çox irəliləmiş olacaqlar. ABŞ-da bu sahələr onsuz da inkişaf edib. Sadəcə, Tramp bundan sonra çalışacaq ki, həmin şirkətlər təkcə özlərini deyil, Amerikanı da inkişaf etdirmiş olsunlar. Bundan başqa, burada bir məqam da ola bilər ki, Donald Tramp siyasi liderləri ora çağırmaqla kimisə özünə yaxın, kimisə uzaq göstərmək istəməyib. Bununla da prezidentliyi dövründə yeni siyasi yanaşmalar sərgiləyəcəyi mesajını verir. Əvvəlki dostlar, müttəfiqlər, düşmənlər, rəqiblər kənarda qalacaq və o, yanvardan sonra ABŞ-ın yeni xarici siyasətini quracaq”.
Zaira Akifqızı
Globalinfo.az













