Dubaydakı konsulluq Aqil Rəsulovla buna görə maraqlanmır – AÇIQLAMA

Dubaydakı konsulluq Aqil Rəsulovla buna görə maraqlanmır – AÇIQLAMA

Mərkəzi Bankın sabiq sədri, Baş nazirin müşaviri Elman Rüstəmovun oğlu olduğunu iddia edən Aqil Rəsulov mövzusu gündəmdən düşmür. 

Globalinfo.az xəbər verir ki, ötən ilin sonlarına yaxın yaydığı videomüraciətlə məşhurlaşan yeniyetmə haqda ölkə mediası vaxtaşırı manşet xəbərlər verir.

Aqil Rəsulov indiyə kimi iki videomüraciət yayıb. O hər dəfə bildirir ki, Elman Rüstəmov ona və anasına təzyiq göstərir. Yeniyetmə hətta iddia edir ki, onu yaşadığı Dubay Əmirliyindən zorla Azərbaycana gətirmək istəyirlər. Aqilin sözlərinə görə, atası Elman Rüstəmov onu ruhi-əsəb dispanserinə yerləşdirməyə çalışır.

Əslində, bu videomüraciətlərdən sonra aidiyyəti dövlət orqanları, uşaq hüquqları ilə məşğul olan QHT-lər Aqilin təhlükəsizliyi üçün lazımi addımları atmalı idilər.

Saytımız məhz bu mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb, Aqil Rəsulovun taleyi haqda soruşub. Komitədən bildirilib ki, onlarda bu barədə hər hansı məlumat yoxdur. Arqument bu olub ki, Aqil Komitəyə müraciət etmədiyi üçün onun haqqında maraqlanmağı lazım bilməyiblər.

Aidiyyəti QHT-lərdən də eyni cavabı almışıq.

Bəs Azərbaycanın Dubaydakı konsulluğu necə, Aqil Rəsulov və anası haqda hər hansı məlumat əldə edibmi? Onlarla maraqlanıbmı?

Globalinfo.az məsələ ilə bağlı Azərbaycanın Dubaydakı konsulluğu ilə əlaqə saxlayıb.

Konsulluqdan bildirilib ki, onlarda bu haqda heç bir məlumat yoxdur:

“Söhbətin nədən və ya kimdən getdiyini bilmirik. Ona görə də heç nə deyə bilmərik”.

Zaira Akifqızı
Globalinfo.az