DTX-nin yeni binasının açılışında diqqətçəkən məqamlar – Deputat detalları açdı

Oktyabrın 29-da Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni inzibati binalarının açılış mərasimi olub. İnşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb.

DTX-nın yeni istifadəyə verilmiş inzibati binalarının açılış mərasimində nümayiş olunan texnika, avadanlıqlar, həmçinin xüsusi əməliyyatların idarə olunması, müşahidə edilməsi üçün yaradılan otaqlar haqda peşəkarlar nə düşünür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) milli təhlükəsizliyimizin keşiyində duran ən vacib icra strukturudur:

Hikmət Babaoğlu

“Son dövrlərdə bu qurumun fəaliyyəti hər bir azərbaycanlının ürəyində fəxarət hissi yaradır. Qarabağ ərazisində erməni separatçılarının terror törətmək cəhdlərinin qarşısının alınması, vaxtilə ölkəmizə qarşı cinayət əməlləri törətmişlərin həbs olunaraq Azərbaycanın ədalət məhkəməsi qarşısına çıxarılması mühüm fəaliyyətdir. DTX-nın ikinci istiqamətdəki fəaliyyəti vətəndaşlarımızın təhlükəsizliyidir. Ölkəmizdə mövcud olan səfirliklərin, diplomatik nümayəndələrin təhlükəsizliyinin təmin olunmasında olduqca əhəmiyyətlidir”.

Deputatın fikrincə, hazırkı tarixi mərhələdə DTX-nın önündə duran əsas vəzifələrdən biri informasiya məkanında təhlükəsizliyimizin qorunmasıdır:

“Bunun əsasında insanlar üzərində beyin manipulyasiyası aparılaraq Azərbaycana qarşı qoyanlarla mübarizə dayanır. Davam edən kiber müharibədə milli təhlükəsizliyi təmin etmək funksiyalarından biri də DTX-nın vəzifə davranışlarına aiddir. DTX-nın yeni inzibati binasının istifadəyə verilməsi, ən müasir texniki avadanlıqlarla təchiz olunması peşəkarların fəaliyyəti üçün yeni bir keyfiyyət mərhələsi yaradır.
Bu gün kiber təhlükəsizliyi kontekstində sadəcə peşəkar davranışlar kifayət deyil, eyni zamanda onu təmin edəcək avadanlıqlar lazımdır. Bu avadanlıqlar da elə onun üçün olduqca əhəmiyyətlidir.
Vətənimizin keşiyində ləyaqətlə dayanan DTX-a yeni istifadəyə verilmiş binalarda fəaliyyətlərini ləyaqətlə davam etdirəcək”.

Safura Bənnayeva
Globalinfo.az