“Azərbaycan 27 sentyabr 2020-ci ilə qədər başqa tarix yaşayırdı, ondan sonra yeni mərhələyə qədəm qoyuldu. Həmin gün bizim üçün Zəfərin başlanğıcı idi. Vətəndaş kimi mən də ordu sıralarına qatıldım, döyüşlərdə iştirak etdim”.
Bu sözləri Globalinfo.az-a “ARB Media Qrup”un mətbuat katibi, 44 günlük Vətən müharibəsinin iştirakçısı Mail Əskərov deyib.
O, döyüşlərlə bağlı xatirəsini bölüşüb:
“Füzulidə gedən aktiv döyüşlərdə yaralanana kimi iştirak etdim. Mənim üçün ordunun ruh yüksəkliyi xalqla bağlı idi. Həmin vaxt hər kəs bir idi, əlindən gələni əsirgəmirdi, maddi və mənəvi cəhətdən ordumuza dəstək olmağa çalışırdı. Bizə xalqımızın mənəvi dəstəyi lazım idi, elə həmin dəstək sayəsində də döyüşçülər düşmənin üzərinə getdi”
Jurnalist əsgərlərimizin döyüşdə göstərdiyi qəhrəmanlıqdan bəhs edib:
“Komandir olaraq bəzi döyüşçüləri dəfələrlə arxa tərəfə istirahətə göndərirdim. Lakin sonra görürdüm ki, ya ağlayır, ya da hisslərini başqa cür büruzə verərək döyüşə can atır. Hər kəs zəfər qazanacağımıza inanırdı. 44 gün ərzində bir nəfər də geri çəkilmədi və torpaqlarımız düşmən işğalından azad edildi. 27 sentyabr tarixi bizim qürur, şərəf və iftixar hissi ilə yaşamağımıza zəmin yaratdı. “Dəmir yumruq”la düşmənimizin başını əzdik. Həmin “dəmir yumruğ”un bir zərrəsi olmaq mənim üçün fəxarət hissidir.”
M.Əskərov yaralı olduğu zaman Prezident İlham Əliyevlə görməsindən də danışıb:
“Prezidentlə görüşümüz tarixi hadisə idi. Çünki kapitulyasiya aktından dərhal sonra Ali Baş Komandan Kliniki Tibbi Mərkəzə (Semaşko) yaralılarla görüşə gəlmişdi və həmin görüşdə mən də iştirak etdim. Orada nitq söyləmək mənim qismətimə düşdü. Düzdür, sözlərimi tam ifadə edə bilmədim, amma İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya həm sevincimi, həm də bir Azərbaycan övladı olaraq təşəkkürümü çatdırdım. O görüş, bəlkə də, keçirilən bütün görüşlərin içində ən önəmlisi idi. Çünki artıq torpaqlarımız işğaldan azad olunmuşdu və biz düşməni məğlub, Zəfər qazanmışdıq”.
Zaira Akifqızı
Globalinfo.az














