Başqa ölkələrdə var idi, Azərbaycanda da oldu…

Başqa ölkələrdə var idi, Azərbaycanda da oldu...

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov yazıb.

Onun fikrincə, məlumatın açıqlanması könüllülük prinsipinə əsaslansa da, belə siyahının elan edilməsi şəffaflığın artırılması baxımdan təqdirəlayiqdir və müsbət haldır:

“Qeyd edək ki, oxşar praktika əksər dövlətlərdə tətbiq olunur. Bir sıra ölkələrdə bu imperativ xarakter daşıyır. Belə siyahının açıqlanması eyni zamanda hansı şirkətlərin daha şəffaf olması və eləcə də onların ölkə iqtisadiyyatına töhfələrini müəyyənləşdirmək baxımdan vacib idi. Əksər inkişaf etmiş ölkələrdə bu həmçinin istehlakçıların davranışına da təsir göstərir: istehlakçılar daha şəffaf şirkətə üstünlük verir. Dövlət Vergi Xidməti tərəfindən növbəti siyahı açıqlanan zaman ümumi yüzlük deyil, siyahıların “qeyri-neft” və “qeyri-dövlət”lə qruplaşdırılması məqsədəuyğun olardı. Vergi güzəştlərində bu anlayışlardan istifadə olunduğu üçün siyahı hazırlanan zaman həmin meyarların nəzərə alınmasına ehtiyac var”.

Deputat deyib ki, digər tərəfdən, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) və Dövlət Gömrük Komitəsi (DGK) vasitəsilə vergi ödəyicilər üçün də uyğun siyahıların hazırlanması məqsədəuyğun olardı:

“DSMF-ə ödənişlər üzrə ilk yüzlüyün açıqlanması hansı şirkətlərin sosial təminata daha çox töhfə verdiyini göstərə bilər. DGK vasitəsilə ödənişlərdə ilk yüzlüyün elan edilməsi isə o sahədə şəffaflığın gücləndirilməsi baxımdan vacibdir. Belə siyahıların elan edilməsi vergi ödəyicilərini də daha şəffaf işləməyə stimullaşdırar və vergidən yayınma hallarını azaltmış olar”.

Zaira Akifqızı
Globalinfo.az