Rusiyanın 74 regionunda “donuz qripi”nin aşkarlanması Azərbaycan ictimaiyyətində bu xəstəliklə bağlı müzakirələrin başlamasına səbəb olub. Hazırda narahatlıq doğuran məsələlərdən biri də sözügedən virusun ölkəmizdə yayılması ehtimalıdır.
Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla “donuz qripi” virusunun A və C formalarının müxtəlif serotiplərindən ibarət olduğunu deyib.
O bildirib ki, bu xəstəlik heyvanlar arasında ilk dəfə donuzlarda aşkarlandığı üçün simvolik olaraq “donuz qripi” adlanır:
“Lakin bu xəstəlik insanlarda da müşahidə olunur. “Donuz qripi” zamanı baş verən əlamətlər adi mövsümi qrip infeksiyası ilə oxşardır. Baş, əzələ, bel ağrıları, yüksək hərarət, ürəkbulanma, ishal baş verir. Bu hallar olduğu təqdirdə yaxşı olar ki, xəstələr yataq rejiminə keçsinlər və bol maye qəbul etsinlər”.
Professor müəyyən dərmanlardan istifadə etməyi də məsləhət görüb:
“Baş ağrısı və hərarəti salmaq üçün “İbuprofen” və “Parasetamol” dərmanlarından istifadə etmək olar. “Aspirin” və bu tərkibli dərmanların istifadəsi isə məqsədəuyğun deyil. Əgər ehtiyac yaranarsa, qalan müalicəni həkim nəzarəti altında keçirə bilərlər.
Diareya, ağ ciyərdə pnevmaniyanın bakterial ağırlaşmasının meydana çıxması baş verərsə, yaxşı olar ki, şəxs xəstəxanada müalicə alsın. Amma vaxtında profilaktik tədbirlər görməklə, ən azı maskadan istifadə etməklə və məsafə saxlamaqla infeksiyanın qarşısını almaq mümkündür. Xəstəliyin yayıldığı və digər şəxsin yoluxduğu təqdirdə müalicə alsınlar ki, xəstəlik daha da ağırlaşmasın”.
Zaira Akifqızı
Globalinfo.az














