Donetskdə “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozinin də içində olduğu “Şeş-beş” restoranı artilleriya zərbəsinə məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Rusiya mətbuatı yayıb.
Məlumata görə, zərbə nəticəsində qondarma “donetsk xalq respublikası” hökumətinin sədri Vitali Xoçenko yaralanıb, onun mühafizəçisi isə ölüb. Hadisə zamanı Roqozinin kürəyindən yaralandığı bildirilib.
Köməkçisi siyasətçiyə hücumun məqsədyönlü xarakter daşıdığını açıqlayıb. Onun sözlərinə görə, hücum Fransa istehsalı CAESAR artilleriya qurğusundan atılan 155 millimetrlik mərmi ilə həyata keçirilib.
Qeyd edək ki, hücum nəticəsində ümumilikdə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Roqozin Rusiya hakimiyyətində mühafizəkar qanadın təmsilçisidir. O həmçinin Putinin ən etibarlı kadrlarından hesab edilir. Siyasətçi bir müddət öncə “Roskosmos”un rəhbərliyindən uzaqlaşdırılaraq, Ukraynanın anneksiya edilmiş ərazilərinə əsas koordinator olaraq göndərilmişdi.
Xatırladaq ki, bundan öncə Rusiyanın Ukrayna dövlət xadimləri, xüsusilə müdafiə naziri və hərbi kəşfiyyatın rəhbərinə hücumlarının qarşısı alınmışdı.
Gülnar Səlimova
Globalinfo.az