Son günlər müzakirə olunan məsələlərdən biri də marketlərdə satılan ətlərlə bağlıdır. Bir çoxları bu ətlərin xarici ölkələrdən dondurulmuş halda gətirildiyini və ziyanlı olduğunu iddia edir.
Hansı formada müəyyən etmək olar ki, satışda olan ət dondurulmuş halda xaricdən gətiriləndir, yoxsa təzə kəsilmiş yerli ət?
Globalinfo.az-a danışan qida sahəsi üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, xaricdən gələn donmuş ətlər vakumlanmış halda gəlir və üstündə xarici adlar olur.
O, dondurulmuş ətlərin üzərinə əsasən xarici – “tenderloin”, “sirloin”, “striploin”, “riba”, “T-bone” və s. kimi adların yazıldığını bildirib:
Ağa Salamov
“Üzərində xarici dildə etiket olanda bilirik ki, bu, xaricdən gələn ətlərdir. Ölkədə göz önündə qəssabların kəsdiyi ət isə hazır şəkildə xaricdən gətirilməmiş hesab olunur. Amma burada söhbət vakumlanıb hazır gələn ətlərdən gedir. Lakin ölkəyə xaricdən iri və xırdabuynuzlu heyvanlar da idxal olunur. Vakumlanmış ətlər Hindistan, Braziliya kimi ölkələrdən gətirilə bilər. Braziliyadan gələn ətlər çox bahadır. Bu ətlər steyk üçün nəzərdə tutulub. Marketlərdə satmaq üçün diri heyvan əldə edib kəsmək daha sərfəlidir”.
A.Salamov Azərbaycanda olan heyvanların ehtiyacı ödəmədiyini deyib:
“Azərbaycanda olan iri və xırdabuynuzlu heyvanların sayı əhaliyə bəs edəcək sayda deyil. Çünki bizdə kənd təsərrüfatının hansı vəziyyətdə olduğu, örüş yerinin olmaması, yemin qiymətinin bahalığı hər kəsə bəllidir. Heç kimin fermerliyə həvəsi yoxdur. Bunlar belə olduqda isə ət məhsulları xaricdən gətirilmiş olur. Eləcə də süd və süd məhsulları əldə etmək üçün iri və xırdabuynuzlu heyvanlar idxal olunur”.
Zaira Akifqızı
Globalinfo.az














