Deputatlarla bağlı qalmaqal bu fikri ortaya çıxarır – Dəyişməlidir

Hər dəfə deputatlarla bağlı qalmaqal yaşandıqda deyilir ki, növbəti tərkibdə ciddi dəyişiklik olacaq. Sonuncu dəfə belə iddialar Vahid Əhmədovla bağlı baş verdi. Seçkiyə əslində o qədər də çox qalmayıb. Hətta bəzi iddialara görə parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər.

Bəs tərkibin dəyişəcəyi, daha yaxşı, səviyyəli deputat korpusunun formalaşacağı haqda deyilənlər həqiqətdirmi? Məsələn, indiki tərkibin neçə faizi dəyişə bilər?

İqbal Ağazadə

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə bu məsələni xalqın iradəsinin müəyyən etdiyini bildirib:

“Mən ədalətli seçkinin tərəfdarıyam. Bu da xalqın iradəsi ilə formalaşan prosesdir. Parlament deputatlarının dəyişməsi məsələsini xalq həll edir. Ona görə də bu barədə hər hansı proqnozun doğru olduğunu düşünmürəm. Seçkilərin vaxtından əvvəl keçirilməsilə bağlı dəqiq məlumatım yoxdur. Amma növbəti seçki 2024-cü ilin noyabrının ilk həftəsinin bazar günü keçirilməlidir. Yəni çox qalmayıb”.

Deputatlarla bağlı hər hansı qalmaqal yaşanan zaman parlament seçkilərinin erkən keçiriləcəyi ilə bağlı müzakirələrin ortaya atılmasının səbəbi kimi isə “Bu, xalqın arzusudur ki, dilə gətilir” deyə, cavab verib.

Mövzunu Globalinfo.az-a şərh edən hüquq üzrə fəlsəfə doktoru, sabiq millət vəkili Çingiz Qənizadə seçkilərin vaxtından əvvəl keçiriləcəyilə bağlı iddialara aydınlıq gətirib:

“Parlament seçkilərinə bir ildən nisbətən çox vaxt qalıb. Yəni, qanuna əsasən növbəti seçkilər 2024-cü ildə 3 noyabrda keçiriləcək. Çünki Konstitusiyada qeyd olunur ki, əgər parlament seçkiləri vaxtından əvvəl keçirilərsə, növbəti seçkilər həmin parlamentin fəaliyyətinin 5-ci ilinin noyabr ayının birinci bazar günü təşkil olunmalıdır. Nəzərə alsaq ki, son seçkilər 2020-ci ilin fevral ayının 9-da keçirilib, o zaman növbəti seçkilər qeyd etdiyim tarixə düşür.

Əvvəlki seçkilərə nəzər saldıqda görürük ki, parlamentdə təxminən 40-45 nəfər yenilənmə olur. Seçkilərdə say, tərkib, ümumilikdə korpusun özü ilə bağlı hansı dəyişikliklərin olacağını indidən demək tezdir. Həmçinin seçkilərin vaxtından əvvəl keçirilməsi məsələsini inandırıcı hesab etmirəm. Ona görə də qeyd etdiyim tarixdə keçiriləcəyini düşünürəm”.

Çingiz Qənizadə

Ç.Qənizadə seçkilərdən öncə referendumun keçirilə biləcəyini söyləyib:

“Həmçinin “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edilib. Ölkə idarəçiliyində müxtəlif formalar tətbiq edilir. Azərbaycan 14 iqtisadi rayona bölünüb. O cümlədən Prezident tərəfindən müxtəlif regionlara səlahiyyətli şəxslər təyin edilib. Bu baxımdan konstitusiya dəyişikliyinə ehtiyac olduğu görünür. Hesab edirəm ki, parlament seçkilərinə kimi konstitusiya ilə bağlı referendum keçiriləcək. Bu referendumda parlamentin majoritar və proporsional sistemində dəyişiklik gözlənilə bilər. Onu da qeyd edim ki, artıq parlamentin tərkibində artımın olması da dövrün tələbləri sırasındadır. Çünki Mərkəzi Seçki Komissiyasının və Dövlət Statistika İdarəsinin son açıqlamalarında Azərbaycanda seçicilərin sayının təxminən 6,2 milyona çatdığını qeyd edilib. Nəzərə alaq ki, 125 deputat 5 milyonun üstündə seçici əsasında formalaşıb, indi isə 1,2 milyon artım var. Əgər 40 min seçiciyə bir dairənin təsdiqi nəzərdə tutularsa, təxminən 30 dairə artımın olmasından söhbət gedə bilər. Bu səbəblə parlament üzvlərinin sayının artacağını da istisna etmirəm. Hər halda bunu zaman göstərəcək.

Düşünürəm ki, payızda ciddi dəyişikliklər ola bilər. Ümid edirəm ki, parlament seçkilərindən əvvəl referendum keçirilər. Referendumda həm parlament seçkiləri ilə, həm də ölkə idarəçiliyi ilə bağlı müəyyən dəyişikliyin olması nəzərdə tutulacağını hesab edirəm”.

Ayşən Mustafa
Globalinfo.az