Azərbaycanı daxildən dağıtmaq istəyirlər – Deputat

“Son illər yerli telekanallara baxanların sayı bir neçə dəfə azalıb”.

Globalinfo.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, bayağı məzmunlu verilişlər televiziyaların əsas hissəsinə çevrilib: “Bayağı şou proqramların artması, şou əhlinin əsas simalar kimi təqdim olunması Zəfərimizə, məqsədimizə də uyğun deyil”.

Deputat Bəhruz Məhərrəmov qeyd edib ki, kütlənin zövqü televiziyaların yayım siyasətini müəyyən etməməlidir: “Bu gün çoxsaylı internet telekanalı mövcuddur. Onların arasında kifayət qədər səviyyəli olanlar var. Ancaq elə internet telekanalları var ki, ciddi reklam resursları olmaya-olmaya böyük imkanlara malikdir. Onların qarşısına Soros ideyalarını təbliğ etmək, ermənilərin əli ilə edə bilmədiyini – Azərbaycanı daxildən dağıtmaq missiyası qoyulub. Bu gün özünü müxalifət lideri kimi təqdim edən birinin oğlu qondarma erməni soyqırımını tanıdığını bildirib. Ata oğluna görə hüquqi məsuliyyət daşımasa da, mənəvi məsuliyyət daşıyır. Bunu bir məmurun oğlu etsəydi, münasibət necə olardı? Bir məmurun övladı təsadüfi qəza törədəndə belələri necə səs-küy salır?”

Deputat Razi Nurullayev də telekanallarda bayağı verilişləri tənqid edib.

X X XC

“Növbəti büdcə müzakirələri zamanı dövlətin maliyyələşdirdiyi iki telekanalın hansının özünü daha çox doğrultduğuna da baxmalıyıq”.

Globalinfo.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” məsələnin müzakirəsi zamanı deputat Sahib Alıyev bildirib.

Deputat İctimai Televiziyaya cəmiyyətin müxtəlif spektrlərinin nümayəndələrinin dəvət olunduğunu və bunu təqdir olunduğunu söyləyib: “Yeri gəlmişkən, telekanallarda zamanında aşağı zövqlü insanlar üçün nəzərdə tutulan verilişdə populyarlaşanların sonra necə İranın, mərsiyaxançılığın təbliğatçısına çevrildiyini də görmüşük. Ona görə də bu məsələlərə diqqətlə yanaşılmalıdır”.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, əsas diqqət maarifləndirici verilişlərə yönəlməlidir: “Azərbaycan telekanallarının artıq bir neçə dildə yayımlanmasına ehtiyac var. Bu gün ənənəvi media sosial şəbəkələrə uduzur. Ona görə sosial media siyasətinə də yenidən baxmalıyıq. Bəzən bir televiziya verilişinə min adam baxırsa, sosial mediada həmin verilişə milyonlarla insanın baxdığını görürük”.

Deputat Sabir Rüstəmxanlı isə İctimai Televiziyaya təşkilatlar tərəfindən iki namizəd irəli sürməsini yanlış sayıb: “Adətən, birinci namizəd kimdir, ona səs verilir. Deputatları belə seçim qarşısında qoymaq düzgün deyil. Bəlkə ikinci namizəd daha layiqlidir? Həmin namizədləri o təşkilatlar tanıyırlar və iki deyil, bir namizəd irəli sürsünlər ”.

Sabir Rüstəmxanlı televiziyaları da tənqid edib: “Heç bir insan çirkli paltarda küçəyə çıxmaz. Amma televiziyaya çirkli paltarlarla, çirkli dillə çıxırlar. Onların buna nə haqqı var?”