Deputatdan Məkkə ziyarətinə gedənlərə çağırış: “Uydurma ritualları yerinə yetirməklə…”

Məkkədə zəvvarların kütləvi ölümü hələ də müzakirə edilir. Həyatını itirənlərin sayının min nəfəri ötdüyü deyilir. Bəzi mənbələr ölü sayının daha çox olduğunu bildirir. Səbəblər haqda müxtəlif versiyalar var. Amma bütün bunlar acı gerçəyi dəyişmir. Bununla bağlı ilahiyyatçı Elşad Miri Axar.az-a müqayisəli açıqlama verib. O, bu gün Kəbə, Həcc anlayışının tamamilə mahiyyətindən uzaqlaşdırıldığını deyib. Sitat: “Gedib Kəbənin ətrafında fırlanmaqla heç bir xüsusi imtiyaz qazanmırlar. Yaxud da gedib hansısa Məqami-İbrahim deyilən, “ayaq izi”nin arxasında iki rükət namaz qılmaqla onların dərəcələri, səviyyələri yüksəlmir. Həcc – beynəlxalq konqresdir. Əslində, dünyanın problemlərinin həlli üçün əsrlər əvvəl buyurulmuş Birləşmiş Millətlər Təşkilatıdır. Həmin o təşkilat da nə etməlidir?

Bu gün zülmə məruz qalanların xilasi üçün, sülh üçün fəaliyyət göstərməli olan bir qurum olmalıdır, bunu Allah bizə belə buyurub. Amma pul verib, gedib Quranda olmayan şeytandaşlama, Minada gecələmə, Ərəfatda qalma, dua etmə “ayini” keçirmə yanlışdır. Guya ki, orada dualar tez qəbul edilir, yəni başqa yerdə ediləndə o cür olmur. Bunlar rəvayətlər, yanlış bilgilərdir. Kəbənin özü fırlanmaq üçün deyil, ora zülmə məruz qalan insanların məsələlərinin həll olunması üçündür”.

Mövzunu Globalinfo.az-a şərh edən deputat Fazil Mustafanın fikrincə, əslində, hər bir müsəlmanın arzusudur ki, həcc ziyarətində olsun, orada daha çox tarixi məkanları görsün, o anları, islamın gəlişi ilə bağlı prosesləri anlasın.
O deyib ki, bu məqsədlə ziyarətə gedənlər müəyyən şəkildə həm də tarixi dövrlərlə indiki dövrün müqayisəsini apara bilirlər:

“Bundan əlavə də ziyarətə gedən insanlar islam dininin mahiyyəti barədə öz düşüncələrinə malik olurlar. Amma Azərbaycanda əsrlərdir Həcc ziyarəti özlərinin müəyyən etdikləri, hansısa bir müqəddəs saydıqları ziyarət növləri ilə, şöhrətpərəstliklə müşahidə olunur. Burada titul, ad qazanmaq ənənəsi daha güclüdür. Hətta islama bağlı olmayan, ibadət etməyən insanlar belə cəmiyyətdə fərqlənmək üçün, özlərinə müəyyən prestij qazanmaq məqsədilə ziyarətə getməyi vacib görürlər. İslamın heç bir qaydasına əməl etməyən adamların “Hacı” deyə çağırılması və bu adı öz üzərinə götürməsi də bir ənənəyə çevrilib. Ona görə də şöhrətpərəstlik amili əslində, islam mahiyyətindən uzaqlaşmaq deməkdir. Bu insanlar daha fərqli formada, müsəlman kimi xeyirli insana çevrilmək üçün imkanlarının maddi tərəfini bu sahəyə daha çox yönəldirlər. Bunun da effekti olmur. Çünki etdiyi islamın faydalı insan olma hədəfinə uyğun gəlmir. Bu, göstəriş üçün olur və daha çox dini özünün müəyyən dərəcədə tanınması, hansısa bir natamamlığını örtməsi üçün “etibarlıq” vasitəsinə çevirir”.

Deputatın fikrincə, cəmiyyətdə etibarlı insan adını qazanmaq, o görüntünü almaq üçün bu cür titulları yan-yana yığmaq olduqca üzücü bir haldır:

“Ona görə ki, islam dininin sonradan adiləşməsinə, insanlıq üçün artıq xeyirli yox, bəzən də zərərli bir din görüntüsünə gəlməsinə gətirib çıxarır. Bu gün dünyada islamafobiya məsələsinin arxasında həm də islam qorxusu durur. Çünki islam arealında yetişən insan humanist biri kimi yetişmə imkanlarından məhrumdur. Müsəlman dünyası deyilən arealda daha çox tolerantlığı olmayan, bir az da başqasının inancını qəbul etməyən, digərlərinə hücum etməyə hazır olan bir kimliklər yetişir. Təsəvvür edin, Ərəbistanda yetişən bir insanın kollektiv şəkildə İranda, Əfqanıstanda, Türkiyədə yetişən insana münasibəti fərqlənir. Amma mahiyyətcə bunlar islam adı altında birləşməlidirlər. Lakin içlərində bir-birinə qarşı olan nifrət, törədilən vəhşilik heç xristianın, yəhudinin törətdiyi vəhşiliyin yanında çox da qabarıq görünmür. Beləliklə də islamın mahiyyətdən uzaqlaşmasına şahid oluruq. Bu da bizim üçün çox üzücü bir haldır”.

Fazil Mustafa deyib ki, bəşəriyyət tarixində bu cür ənənələrin müəyyən dərəcədə yoxa çıxması vacibdir:

“Bu, islam dinini təhrif etmək yollarından biridir. Ona görə də deyilən fikirlərlə razıyam ki, artıq ziyarət adı altında dinin hansısa şəkildə təhrif olunmasına imkan verməməliyik. Cəmiyyətdə təbliğatımız o istiqamətdə getməlidir. Hər bir ibadətin özü, yaxşı iş, xeyirli əməl həcc ziyarətidir. Gedib, orada bəzən müəyyən uydurma ritualları yerinə yetirməklə özünü xoşbəxt saymaq, insanlığın müəyyən kamil mərhələsinə yetişmək demək deyil. Bu baxımdan da deyilən fikirlər əsaslı fikirlərdir”.

Zaira Akifqızı
Globalinfo.az