Deputat Razi Nurullayev: “İranın cavabını İsraillə birləşib verərik”

“Paşinyanın bu hərəkəti yeni müharibəyə səbəb ola bilər”

Millət vəkili Razi Nurullayev Globalinfo.az-a müsahibəsində İran, Fransa və Ermənistanın Azərbaycana qarşı kirli oyunlarından danışıb. Həmçinin gündəmdəki digər mövzulara münasibət bildirib. Deputatla müsahibəni təqdim edirik:

– Razi bəy, dekabr ayının əvvəlində Brüsseldə gözlənilən danışıqlar faktiki olaraq Paşinyan tərəfindən pozulub. Ermənistanın baş naziri şərt irəli sürüb ki, görüşdə Fransa Prezidenti Emmanuel Makron da iştirak etməlidir. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev görüşün olmayacağını deyib. Sizcə, danışıqlar dövrü bitir və yeni müharibə başlayır?

– Açıq demək lazımdır ki, hazırda Paşinyanın Fransa və erməni lobbisinin təsiri altında etdiyi hərəkətlər yeni müharibəyə səbəb ola bilər. Bunun da günahkarı ilk növbədə Ermənistandır. Həmçinin məsuliyyət Ermənistanı qızışdıran və sülh prosesindən uzaqlaşdıran Fransa və İranın üzərinə düşür. Əgər İran saman altından su yeritməsə, Fransa isə açıq şəkildə bütün neytrallığı pozaraq Ermənistanı müdafiə etməsə idi, bu şeylər olmazdı.

Cənab prezidentin İran və Fransa ilə bağlı qətiyyətli mövqeyini dəstəkləyir, bu mövqeyə görə ona təşəkkür edirəm! Bu məsələləri açıq şəkildə demək lazımdır ki, onu da ölkə başçımız etdi. Fransanın bu platformada iştirakı artıq mümkün deyil. Çünki Fransa neytrallığını saxlamır. Birbaşa revanşist Ermənistana qahmar çıxır.  Ermənistan yola gələn zaman Makron onların başının altına yastıq qoyur və sülh müqaviləsini imzalamaqdan çəkindirir. Ona görə də, Fransa bir vasitəçi kimi mandatını itirdi. İnanıram ki, bundan sonra Fransanın bu danışıqlarda işirakı birmənalı olaraq dayandırılmışdır.

Paşinyan bilir ki, Ermənistan haqsızdır. O, İlham Əliyevin vasitəçilərin yanında ortaya qoyduğu məntiqin qarşısında tab gətirə, özünü və Ermənistanı müdafiə edə bilmir. Makron isə bu məsələlərdə buynuz çıxararaq prosesləri pozur. Ona görə də, Paşinyan Makronu yanında dəstəkçi kimi gətirmək istəyir. Bu isə yolverilməzdir! Makron olmayacaq, başqa platformalar olacaq. O qədər vasitəçilik etmək istəyən ölkələr var.

– Azərbaycan ictimaiyyətində anti-Rusiya əhvalı var. Amma belə görünür, sülh sazişinin imzalanmasına mane olan Rusiya deyil, Fransadır. Bu məsələdə Fransanın marağı nədir?

– Hər kəs fikirləşir ki, Fransa hara, Qafqaz hara? Amma Paşinyanla Makron həmişə bir-birinə bacı deyirlər. Biz bunu yaxşı bilirik. Digər tərəfdən də Ermənistanın Fransada olan lobbisi çox güclüdür. Demək olar ki, Fransanın bütün ermənipərəst senatorları, deputatları hamısı ermənilər tərəfindən alınıb. Ona görə də, Fransa hər zaman Ermənistanı müdafiə edir. Ümumiyyətlə, Fransa çox təkəbbürlü ölkədir. Özündən razı, lovğa, özü haqqında çox yüksək düşünən, heç kimi bəyənməyən bir ölkədir və imperiya düşüncələri hələ də qalır.

Bu gün Fransa özü İngiltərə ilə yola getmir, ingilisləri gözü götürmür. Hələ də İngiltərə ilə yüz illik müharibəni unutmayıb. ABŞ-la özünü bərabər tutmaq istəyir deyə onlarla da yola getmir. Hər zaman müxtəlif məqamlarda amerikalıları vurub zəiflətmək istəyir.

Dünyada hər hansı bir hadisə baş verirsə, Fransa onun ortasında olmaq istəyir. Deyir ki, “mənsiz heç bir danışıq gedə bilməz”. Fransa özünü dünya ağası kimi görür. Bu şəkildə də qəbul edilməsini istəyir. Fransa böyük, güclü və tarixi olan dövlətdir. Amma dünyaya hökm edəcək bir gücə sahib deyil.

– Bəs Fransanın Türkiyəyə qarşı olan mövqeyi nə ilə bağlıdır?

– Fransanın Türkiyə ilə münasibətləri hər zaman gərgin olub. Xatırlamıram ki, bu iki ölkənin münasibəti yaxşı olsun. Azərbaycanla Türkiyə qardaş münasibətdə olduğuna görə də, o münasibəti bizə də köçürüb. Artıq Türkiyə ilə Azərbaycanı eyni görür.

– İranla Azərbaycanın münasibəti bundan sonra necə olacaq? Əli Əkbər Vilayəti bir neçə gün öncə “Azərbaycan bizim gözümüzdür” demişdi. Bu söz nəyisə dəyişirmi?

– Vilayəti elə də yüksək bir vəzifəyə malik deyil. Xameneinin xarici məsələlər üzrə müşaviridir. Onun dedikləri sadəcə boş sözdür və söz olaraq da qalır. Verilən bəyanatların arxasında əməl yoxdur. Dedikləri doğru olsa, biz görərik ki, İran Azərbaycana qarşı düşmən mövqeyi sərgiləmir, Ermənistanı müdafiə etmir. Bunu hələ də görə bilmirik. Yalnız görürük ki, İran Azərbaycanı hədələyir, müstəqil dövlət kimi tanımaq istəmir, bizə yuxarıdan aşağı baxır. Ona görə də, İranın cavabını artıqlaması ilə verməyə borcluyuq və verəcəyik də.

– Bəs bu vəziyyət nə vaxta kimi davam edəcək?

– Hazırda İran Azərbaycana qarşı düşmən münasibəti göstərir. Cənab prezident son çıxışında dedi ki, bu günə qədər İranın üç prezidenti ilə çalışıb, amma Azərbaycana qarşı belə pis münasibət görməyib. İbrahim Rəisi prezident seçildikdən sonra onların bizə qarşı münasibəti 180 dərəcə dəyişib. Bu düşmənçiliyin kökündə nə dayanır, bilmirəm. Amma bir onu bilirəm ki, İran Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni həzm edə bilmir. İran istəmirdi ki, biz torpaqlarımızı işğaldan azad edək.

– Bir müsəlman ölkəsinin Ermənistanı açıq müdafiə etməsinin səbəbləri nə ola bilər?

– İran özü müsəlman ölkəsidir, amma xristianla qardaşlıq edir, ayağının altına qırmızı xalça salır, İslamın dəyərlərinə qarşı çıxır. Üstəlik ölkəmizi təhdid edən davranışlara yol verir. Sərhədimizdə hərbi təlimlər keçirir, deputatlar, din xadimləri vasitəsi ilə ünvanımıza hədyanlar söylədir. Azərbaycan cavab verəndə bunu qaldıra bilmir. Azərbaycanın ordusu da, gücü də, xalqımızın iradəsi və birliyi var. Ölərik, amma boyun əymərik!

– Razi bəy, bu məsələlərdə Azərbaycanın İsraillə yaxın müttəfiq olmasının rolu varmı?

– Azərbaycan indiyədək İsraildə ona görə səfirlik açmırdı ki, İranın xətrinə dəyər. Artıq İran bütün körpüləri yandırdı. Vətən müharibəsində bizə dəstək olan, yanımızda olan İsraillə dostluğu davam etdirməliyik. Bundan sonra yəhudi dövləti ilə daha yaxşı münasibətlərə malik olacağıq. İran başa düşməlidir ki, İsrail İranın nüvə obyektlərini vurmaq üçün meydan axtarır. Orada qırıcılarını yerləşdirməyə çalışır. İran Azərbaycanı buna vadar etmək istəyir. İran bizə qarşı düşmənçiliyini davam etdirərsə, ölkəmizin suverenliyi, müstəqilliyi üçün təhlükə yaradarsa, o zaman Azərbaycan İsraillə daha yaxın əməkdaşlıq edə və İrana qarşı lazım olan eyni addımları ata bilər.

İran başa düşməlidir ki, hətta bu gün Azərbaycana düşmən münasibəti göstərən ölkələr belə, bütün vasitələrlə Azərbaycanı müdafiə edəcəklər.

Zaira Akifqızı
Globalinfo.az