Siyavuş Novruzovdan maraqlı açıqlamalar: “Dörd dəfə boşanıb, amma…”

“Feysbukda şirə dönən adamlar bizimlə rastlaşanda qabağımıza qaçırlar”

Bu dəfə onunla tam səmimi söhbət etdik. Siyasətdən başqa hər şeydən danışdıq.

Globalinfo.az Milli Məclisin deputatı Siyavuş Novruzovla müsahibəni təqdim edir:

– Siyavuş bəy, sosial şəbəkələrdən istifadə edirsiniz?

– Bəli, istifadə edirəm. Daha dəqiq desəm, Feysbukda aktivəm.

– Yəqin ki, aqressiv sözlər yazanlar var. Sizcə, insanların bu dərəcə əsəbi olmasının səbəbi nədir?

– Həmin şəxslər mənim verdiyim müsahibələrə şərhlər yazırlar. Onlar heç bir təhlil aparmadan, araşdırmadan, məqaləni tam oxumadan söyüş yazmaqla öz işini yekunlaşdırmış hesab edirlər. Bu isə həmin şəxslərin savadsızlığından, bacarıqsızlığından, paxıllığından, xainliyindən irəli gəlir. Hər kəsə qarşı belədirlər.

– Amma nədənsə daha çox məhz deputatlar təhqir və tənqid olunurlar…

– Tək deputatlar deyil Sənət adamlarına qarşı da belə bir aqressivlik var. Bu da təhqir yazanın özünün aşağı səviyyədə və aşağı düşüncədə olmasının göstəricisidir. İnanın ki, onlar təhqir etdikləri adamla rastlaşanda qaçaraq gəlib salamlaşırlar. Amma klaviatura arxasına keçən kimi “şir”ə dönürlər. Bunu da xaricdə oturub azərbaycanlıları söyən Vətən xainlərindən öyrəniblər. Hüquq mühafizə orqanlarına şikayət edən zaman yalvarmağa başlayırlar. Ən yaxşısı əhəmiyyət verməməkdir. İnsan işini o cür dayaz düşüncəlilərin şərhi ilə qurmamalıdır.

– Siyavuş bəy, siqaret və spirtli içkilərdən istifadə edirsiniz?

– Xeyr, qəti istifadə etmirəm. Özüm də idmanla məşğul oluram. Bu yaşıma çatmışam, amma heç vaxt siqaret çəkməmişəm.

– Yeni ildən spirtli içki və tütün məmulatlarının bahalaşacağı haqda xəbərlər yayılıb. Bahalaşmanın istifadəçilərə nə kimi təsiri olacaq?

– Bahalaşmanın həm yaxşı, həm də pis cəhəti olacaq. Yaxşı olan odur ki, bir çoxu siqaret və spirtli içkidən istifadə etməyəcək, əlavə vəsait xərcləməyəcəklər. Pis tərəfi isə odur ki, meydana saxta siqaretlər, saxta içkilər çıxmış olacaq. Elə bunun özü də insan orqanizminə ziyan vurur.

– Evinizə bazarlıq edirsiniz?

– Əlbəttə! Bazarlığı ancaq özüm edirəm. Nə lazımdırsa, gedib alıb-gəlirəm.

– Marketdə olan qiymətlər sizi qane edir?

– Düzünü desəm, xeyr. Məsələn, 2-3 ay öncə 100 manat xərcləyirdimsə, bu gün eyni şeylərə 180 manat xərcləməli oluram. Bunun da obyektiv və subyektiv səbəbləri var. Etiraf etmək lazımdır ki, ərzağın qiyməti dünyanın hər bir yerində bahalaşıb. Buna səbəb həm də dünyada baş verən müharibələrdir. Xaricdən gələn məhsul orada bahalaşıbsa, təbii ki, bizdə də bahalaşmış olur. Yerli məhsullarımızın baha olmasının günahkarı isə qiyməti süni şəkildə artıran şəxslərdədir. Gedib məhsulu fermerdən ucuz alıb gətirib dəfələrlə baha qiymətə satırlar. Əgər eşitsələr ki, əmək haqqı artırılıb, dərhal hərəkətə keçirlər.

– Bir neçə gün öncə “halal dərman”ların satılacağı ilə bağlı xəbər yayıldı. Belə çıxır ki, bu günə kimi haram dərmanlardan istifadə etmişik?

– Onun ifadə forması düzgün seçilməyib. Dərmanın halalı-haramı olur?! Müxtəlif ölkənin istehsal etdiyi preparat var. Bu, sosiska və ya kolbasa deyil ki, halal-haram olduğu müəyyən edilsin (gülür).

– Sualımızı yanlış anlamayın, amma bizə də bu sualın cavabı maraqlıdır. Doğrudanmı Siyavuş bəy suyu vedrə ilə ölçür?

– İstənilən hər bir kəs bilir ki, suyu litrlə ölçürlər. Amma mən deyirəm ki, suyu vedrə ilə də ölçmək olur. Siz restorana gedən zaman demirsiniz axı mənə 700 ml çay ver, deyirsiniz, bir çaynik çay gətirin, və ya 200 ml kofe yox, bir fincan kofe istəyirsiniz. Bu da o deməkdir ki, fincan avtomatik ölçü vahidi olmuş olur. Lakin mən o suala ciddi şəkildə cavab verməmişdim. Demişdim ki, filan adam deyir ki, suyu vedrə ilə ölçürlər. Mən müəllifin fikrini demişəm.

– Efirlərimizi yəqin ki, izləyirsiniz. Verilişlər haqda nə düşünürsünüz?

– Efirlərimiz biabırçı vəziyyətdədir! 70 yaşlı adamları evləndirir, boşandırırlar, efirə yaraşmayan mövzuları müzakirə edirlər. Təsirlisi də odur ki, verilişlərin bu qədər tənqid olunmasına baxmayaraq, sayı gündən-günə artır. Bunun qarşısı alınmalıdır. İnanıram ki, Audiovizual Şura ciddi bir tədbir görəcək. Efir məhkəmə deyil, bazar deyil, başqa şey deyil. Camaatı reklam xatirinə yoldan çıxarırlar. Olmaz axı belə! Dörd dəfə ailə qurub boşanan gəlib efirdəkilərə məsləhət verir. Cəmiyyət səni də, keçmişini də yaxşı tanıyır. Sən gəlib kiminsə üstünə qışqıra, boşandığı üçün tənqid edə, yol göstərə bilməzsən. Mentalitetimizə də ziddir.

Hələ efirlərə çıxan psixoloqları demirəm. Ağızlarına və ağıllarına gələni danışırlar. Heç elə psixoloqlar efirə buraxılası deyil. Vallah, ölkədə olan psixoloqların əksəriyyətinin özünə psixoloq lazımdır.

– Bu yaxınlarda bir xanım psixoloq demişdi ki, əgər əriniz sizə 3 min manatlıq telefon ala bilmirsə, boşanın. Ailəni qorumaq üçün bahalı geyimin, aksesuarın olması şərtdir?

– Əgər bir ailə maddiyyat üzərində qurulursa, o ailədən ailə olmaz! Elə evliliklər çox çəkmir. Ailə mənəviyyat üzərində qurulmalıdır.

– Siyavuş bəy, yəqin ki, avtomobil idarə edirsiniz. Tıxacla necə bacarırsınız?

– Yox, avtomobil idarə etmirəm, heç sürməmişəm də. Amma günümüz tıxaclarda keçir. Bunun qarşısının alınması üçün də rayonlarda iş yerləri açılmalıdır ki, əhalinin bir qismi köçüb orada çalışsın. Regionlarda şərait yaradılsa, şəhərdə tıxac da azalar.

– Küsülü olduğunuz kimsə var?

– Mən kinli biri deyiləm. İnanın ki, küsülü olduğum adam yoxdur. Sözüm varsa, özünə deyirəm və söhbət orada da bitir. Qeybət etmirəm, kimisə pisləmirəm, öz həyatımı yaşayıram.

Zaira Akifqızı
Globalinfo.az