Deputat DTX ilə bağlı maraqlı faktlardan danışdı: “Ən kritik mərhələlərdən biri bu idi”

 

Xəbər verdiyimiz kimi, martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü tamam olur. Geridə qoyduğumuz 104 ilin son 4 ilini təhlükəsizlik orqanlarının fəaliyyəti baxımdan ən məhsuldar dövr kimi qiymətləndirmək olar.

Xüsusilə də 2020-ci ilin iyul ayından – Tovuz döyüşləri başlayandan Şuşa işğaldan azad edilənə kimi Azərbaycan xüsusi xidməti orqanları olduqca gərgin və bir o qədər ağır şərtlərdə fəaliyyət göstərdi.

44 günlük müharibə sonrasında da DTX-nın çətin və gərgin iş fəaliyyəti davam etdi. Qurum Ermənistanın ölkəmizə qarşı vaxtaşırı diversiya hücumlarının, müxtəlif növ təxribatların qarşısının alınması istiqamətində mühüm işlər görür. DTX son zamanlar İranla da münasibətlərin gərginləşməsi fonunda bu ölkənin agentura şəbəkəsinin çökdürülməsi istiqamətində vacib əməliyyatlar həyata keçirir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, dövlət sözü bəzən ictimai şüurda elə təhlükəsizlik anlayışı ilə assosiasiya olunur və bu tamamilə doğrudur:

Hikmət Babaoğlu

“Çünki hər bir vətəndaş ilk növbədə özünün fərdi və kollektiv təhlükəsizliyinin təminatçısı qismində dövləti görür. Yəni təhlükəsizliyi təmin etmək dövlətin ən mühüm funksiyasından biridir. Bu mənada hər bir ölkənin xüsusi xidmət orqanlarının funksionallığından və səmərəli fəaliyyətindən çox şey asılıdır. Çünki nəticə etibarilə bu fəaliyyət vətəndaşın mənsub olduğu dövlətə etimadını təyin edir.

Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda Dövlət Təhlükəsizlik Xidməti öz üzərinə düşən missiya və vəzifəni layiqincə yerinə yetirməyi bacarır. Ona görə də həm dövlətin ali rəhbərliyinin, həm də adi vətəndaşların təqdirini qazanır.

Bu gün təhlükəsizliyimizin keşiyində duran bu vacib və strateji institutun yaranmasından 104 il ötür. Yəni DTX əməkdaşlarının peşə bayramı günüdür. Hər şeydən öncə başda DTX sədri, professional əməliyyatçı və dövlət adamı Əli Nağıyev olmaqla DTX –nın bütün kollektivini və əməkdaşlarını peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara vətənə xidmət kimi müqəddəs vəzifələrində daha böyük uğurlar arzulayıram. Belə uğurlar indiyədək strateji və çoxşaxəli olub”.

H.Babaoğlu deyib ki, Azərbaycan xüsusi xidmət orqabnlarının 104 illik fəaliyyəti dövründə ən kritik mərhələlərdən birini Vətən müharibəsi və postmüharibə dövrü təşkil edir:

“2020-ci il iyul ayında Tovuz hadisələri kimi xatırladığımız Vətən müharibəsinin ilk qığılcımlarından bu günədək DTX milli təhlükəsizliyin yeni və şərəfli tarixini yaradıb. Cənubi Qafqaz kimi mürəkkəb bir coğrafiyada çoxsaylı ölkələrin təhlükəsizlik maraqları toqquşur və belə olanda maraqları qorumaq da mürəkkəbləşir. Yəni biz həmişə yerləşdiyimiz coğrafiyanın strateji üstünlüklərindən danışanda onun yaratdığı çətinlikləri də gözardı etməməliyik. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti belə çətin və mürəkkəb şəraitdə öz işini uğurla qurmağı bacarıb.
Qısacası, təhlükəsizliyimizin bütün komponentləri üzrə, narkoticarətədən tutmuş kiber cinayətkarlığa qədər, hərbi-siyasi təxribatlardan etnik separatçılığa, dini-ideoloji radikalizmdən terrora qədər ən müxtəlif istiqamətlərdə milli maraqlarımızı qorumaq üçün mühüm işlər görüb. Biz sadəcə bu fəaliyyətin ictimailəşdirilməsi mümkün olan hissəsi ilə tanış ola bilirik. DTX-nın digər məxfi fəaliyyəti də olduqca geniş və müxtəlifyönümlüdür. Ona görə də bir daha bu vacib dövlət qurumunda çalışan peşəkarlarımızı peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm”.

Turan Rzayev
Globalinfo.az