Deputat AZAL-ı soyğunçuluqda, iqtisadçı isə qeyri-şəffaf fəaliyyətdə suçlayır

Deputat AZAL-ı soyğunçuluqda, iqtisadçı isə qeyri-şəffaf fəaliyyətdə suçlayır

Yeni ilin və bayram tətilinin gəlməsi ilə əlaqədar insanların bir qismi ölkə xaricində istirahət etməyə üstünlük verirlər. Lakin təəssüf ki, AZAL-ın bilet qiymətlərinin həddən artıq baha olması vətəndaşların çoxunun bu istəyini həyata keçirməsinə imkan vermir. Artıq bir neçə ildir ki, AZAL-da qiymətlərin bahalığı istər mediada, istərsə də ictimaiyyətdə geniş müzakirə edilir. Hətta bildirilir ki, qonşu Gürcüstan və Ermənistanda aviabiletlər Azərbaycanla müqayisədə dəfələrlə ucuzdur. Ekspertlər AZAL sədri Cahangir Əsgərovun bu sahədə monopoliya yaratdığını, dövlətin sözügedən məsələ barədə təcili şəkildə tədbir görməli olduğunu vurğulayırlar.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Fazil Mustafa AZAL-dakı bahalığın monopoliya ilə əlaqəli olduğunu deyib.

Deputat bildirib ki, bu məsələ mütləq araşdırılmalıdır və həllini tapmalıdır:

“Monopoliya yığışdırılmalıdır. Bu tip soyğunçuluqla insanların cibinə girmək ənənəsinə son qoymaq lazımdır. Azərbaycanda aviabiletlərin qiyməti həddən artıq bahadır. Bu isə vətəndaşların sosial rifahına ciddi şəkildə təsir edir. AZAL-la bağlı bu məsələ daim müzakirə olunur, lakin hələ ki problem həllini tapmayıb. İl keçdikcə bu sahədə vəziyyət daha acınacaqlı hal alır”.

Deputat AZAL-ı soyğunçuluqda, iqtisadçı isə qeyri-şəffaf fəaliyyətdə suçlayır

İqtisadçı ekspert Rövşən Ağayev isə artıq uzun illərdir ekspertlərin AZAL-da olan bahalaşma ilə bağlı çıxışlar etdiyini xatırladıb:

“Demək olar ki, bütün istiqamətlər üzrə uçuşlar AZAL-ın inhisarındadır. AZAL inhisarçılıqla yanaşı, həm də qeyri-şəffaf şirkətdir. Xərclər, bilet satışından başqa gəlirlər necə formalaşır, bilinmir. Rəqabət mühiti olan əksər ölkələrdə belə hava yolları şirkətləri hava limanının sahibi olmur. AZAL isə daşıyıcı şirkət olmaqla yanaşı, həm də hava limanının mülkiyyətçisi kimi çıxış edir. Bu funksiyalar mütləq ayrılmalıdır”.

İqtisadçı bildirib ki, daşıma şirkəti həm də hava limanının mülkiyyətçisi kimi fəaliyyət göstərəndə onun xərclərinin səmərəliliyi baxımdan problemlər yaranır:

“Birincisi, rəqabət mühiti təmin olunmalıdır. Yəni müxtəlif ölkələrin nüfuzlu, peşəkar aviaşirkətlərinin Azərbaycana buraxılmasına imkan yaradılmalıdır ki, rəqabət mühiti olsun. Rəqabət olan zaman qiymətlər də xeyli ucuz olacaq.

İkincisi isə budur ki, rəqabət olan yerdə keyfiyyət də artır. Şirkətlər çox olduqca daha keyfiyyətli xidmət təklif etməyə çalışacaqlar”.

Deputat AZAL-ı soyğunçuluqda, iqtisadçı isə qeyri-şəffaf fəaliyyətdə suçlayır

R.Ağayev deyib ki, islahatlar aparılmadıqda, rəqabət mühiti yaradılmadıqda vətəndaşlarımız bileti baha qiymətə alacaqlar:

“Düzdür, AZAL əvvəllər də baha xidmət göstərirdi. Amma pandemiyadan sonra qiymətləri daha da artırdı. Quru sərhədlərin bağlanması AZAL-ın əl-qolunu bir az da açıb. Belə rəqabətsiz mühitdə AZAL həm də quru nəqliyyat vasitələrinin də funksiyalarını üzərinə götürdüyünə görə xaricə daşımada monopoliya yaranıb”.

Zaira Akifqızı
Globalinfo.az