Deputat açıqladı: “Zəngəzur dəhlizi və 8 kənd məsələsi belə həll oluna bilər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az saytına müsahibə verib.

Globalinfo.az həmin müsahibəni təqdim edir:
-Qüdrət bəy hələ də Ermənistanın işğalı altında qalan 8 kəndimizin güc tətbiq etməklə azad olunması perspektivinə necə baxırsınız?
-Düşünürəm buna ehtiyac olmayacaq. Amma bu variantı tamamilə kənara qoymaq da düzgün olmaz. Azərbaycan Ermənistana ərazi mübadiləsi təklif edə bilər. 8 kənd qarşılığında həmin kəndlərin sahəsi qədər ərazi Zəngəzurdan Azərbaycana verilir. Bununla dəhliz söhbətlərinə də son qoyulur. Azərbaycanlılar Azərbaycanda ermənilər Ermənistanda yaşayır. Bu milli zəmində gələcək münaqişələrin qarşısını alar, iki qonşu ölkənin əməkdaşlığına yol açar.

-Nəzərdə tutursunuz ki, Qərbi Azərbaycanlılar Azərbaycanda Qarabağ erməniləri Ermənistanda qalır?

-Bəli. Eyni zamanda çalışmalıyıq ki, dilimizə otursa da, bundan sonra “Qarabağ erməniləri” söz birləşməsindən istifadə etməyək. “Azərbaycanda yaşamış” ermənilər terminindən istifadə edək.

-Zəngəzurun Azərbaycana verilməsi Ermənistanın İranla dövlət sərhəddinin itirilməsi demək olar. Ermənistan buna gedərmi?
-Ermənistanın xoşbəxt gələcəyi İranla dövlət sərhəddinin olması ilə müəyyən olunmur. İranla sərhəddin o tayı Cənubi Azərbaycandır. Orada da Azərbaycan türkləri yaşayır. İranda dini siyasi alətə çevirmiş indiki farsist rejim həmişə hakimiyyətdə olmayacaq. İnanıram ki, yaxın illərdə İranda əsl müsəlmanlar siyasi hakimiyyətə gələcək və Azərbaycan türkləri milli haqlarına qovuşacaq, dövlət siyasətinin formalaşmasında onlar əsas söz sahibi olacaqlar. Ona görə ermənilərin az-maz ağlı varsa, bir az uzağa baxmalıdırlar. Azərbaycanla sərhədlər açılandan, bölgədə sülh olandan sonra İranla sərhədin elə bir əhəmiyyəti də qalmır.
-ABŞ-da Trampın hakimiyyətə qayıtması ehtimalı nə qədərdir?
-Tamamilə yox deyil. Tramp anarxist təsiri bağışlayır. Məncə əhalinin böyük bir qismi onu buna görə dəstəkləyir. Onlar cəmiyyəti parçalamış,mənəvi deqradasiyaya uğratmış, korrupsiyalaşmış indiki ikipartiyalı sistemdən beziblər. Trampı sistemin nümayəndəsi hesab etmirlər. ABŞ-da ciddi siyasi islahatlar aparılmasa, cəmiyyət dövlətin bütövlüyünə təhlükələr yaradacaq böyük sarsıntılarla üzləşəcək.