Daha hansı partiya rəhbərləri istefa verəcək? – Sədrlərdən özəl açıqlama

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynin istefa verəcəyini bildirməsinin ardınca REAL Partiyasının sədri İlqar Məmmədov istefasını açıqlayıb. Bu gün verilən məlumata görə, Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək. Bu qərarlar içərisində partiya sədri Mirmahmud Mirəlioğlunun istefa verəcəyi ilə bağlı məlumatın olub-olmayacağı da maraq doğurur.

Parlament seçkilərində iştirak edən, uğur qazana bilməyən digər siyasi partiyaların sədrləri bənzər addım atacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, seçkilərdə nəticə əldə olunmadığı üçün istefa verməklə bağlı nə sosial sifariş, nə də partiya daxili tələb var:

“AĞ Partiya seçkilərdə kifayət qədər müsbət rəy aldı, səs topladı. Seçki prosesini uğurlu formada apardıq. Xalq arasında da müsbət nəticə əldə etdik. Partiyamız seçki nəticələrinə hesablanmayıb ki, uğursuzluq anında istefa verək. Bu addımı atan partiya sədrlərinin qərarlarına da hörmətlə yanaşırıq. Partiya daxili məsələdir”.

Azad Vətən Partiyasının sədri Akif Nağının fikrində, sözügedən istefalar partiyaların daxili məsələsidir:

“Parlament seçkiləri normal qaydada keçirildi. Kimlərinsə bundan narazı qalıb-qalmaması subyektiv fikirləridir. Seçkilərdən dərhal sonra verdiyim açıqlamada da qeyd etmişdim ki, heç kim qrup maraqları üçün müəyyən təşəbbüslərdən istifadə etməməli, süni qarşıdurmalar yaratmamalı, Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutmalıdırlar. Azad Vətən Partiyasının mövqeyi də məhz bundan ibarətdir”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu istefaların çox doğru qərar olduğunu düşünür:

“Bölücü, xırda hisslərlə yaşayan və ayrı-ayrı şəxslərin əlində alət olmuş şəxslər partiya sədrliyindən getsə yaxşıdır. Əminəm ki, İlqar Məmmədovun bu qərarı bir partiya olaraq REAL Partiyasının inkişafına xidmət edəcək.

Fikrimcə, REAL Partiyasında sağlam, intellektual və milli qüvvələr mövcuddur. Mütləqdir ki, sağlam, intellektual və milli qüvvələr partiyanın başına keçsin. Bu qərarı alqışlayıram. Hər halda REAL-a bundan sonrakı fəaliyyətində uğurlar arzulamaq qalır. Əminəm ki, İlqar Məmmədovun istefasından partiya qazanacaqdır”.

Ümid Partiyasının sədr müavini Taleh Əliyev deyib ki, İlqar Məmmədov hələ parlament seçkilərindən əvvəl deputat seçilmədiyi halda istefa verəcəyini açıqlamışdı:

Taleh Əliyev: Zəhmət çəkin, maarifləndirmə işi aparın | Azərbaycan Ümid Partiyası

Taleh Əliyev

“Öncədən verilən bu bəyanata əsasən o, ya verdiyi sözü tutmalı, ya da ictimaiyyət qarşısında imicini zədələməli idi.

Ümid Partiyasının sədri İqbal Ağazadə Parlament seçkilərində iştirak etmirdi. Bəzi nümayəndələr seçkilərə qatılmışdı. İştirak etdiyimiz 17 dairənin nəticələrinin azad, şəffaf və ədalətli olduğunu hesab etmirik. Hər bir seçki dairəsi ilə bağlı sosial şəbəkələrdə Seçki Məcəlləsinin pozulduğuna dair çoxsaylı faktlara rast gəldik. Topa-topa bülletenin atılması, karusel əməliyyatı və s. buna nümunədir. Bir sözlə, seçkiyə müdaxilə edilmişdi. Qeyri-şəffaf aparılan seçkinin nəticələrinə görə məsuliyyət daşımayan partiya liderlərinin istefa verməsi məntiqli deyil. Bu məsələ Ümid Partiyasında müzakirə belə olunmur”.

Safura Bənnayeva
Globalinfo.az