Pənah Hüseyn seçkilərin nəticələrinə etiraz olaraq partiyasını buraxır

“Bu seçkilərin nəticələrinə və vəziyyətə etiraz olaraq “Xalq Partiyası” sədrliyindən istefa vermək haqqında düşünürəm”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri “Azadlıq Radiosu”na müsahibəsində partiya sədri Pənah Hüseyn səsləndirib.

“Yaxın günlərdə qərarımı elan edəcəm. Həmçinin “Xalq Partiyası”na da təklif irəli sürəcəm ki, öz fəaliyyətini dayandırmaq haqqında qərar qəbul etsin və qurultay çağırsın”, – deyə Pənah Hüseyn vurğulayıb.

Qeyd edək ki, Pənah Hüseyn 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyini irəli sürmüşdü. O iddia edir ki, seçkiyə qatıldığı dairədə səslər saxtalaşdırılıb və onun deputat seçilməsinə imkan verilməyib.

Globalinfo.az xatırladır ki, Pənah Hüseyn 2005-ci ildə müxalifətdən III çağırış Milli Məclisin üzvü seçilən azsaylı deputatlardan olub. O, 1992-1993-cü illərdə Azərbaycanın dövlət katibi və eləcə də Baş naziri işləyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az