Rusiyada daha bir oliqarx aradan götürüldü: Pçelnikov Moskvadakı evində ölü tapıldı

 

Daha bir iri rus oliqarx müəmmalı şəkildə ölüb. Bununla bağlı Rusiya mətbuatı xəbər yayıb. “Rusiya Dəmir Yolları” QSC-nin “Digital Logistics” törəmə şirkətinin kommunikasiyalar üzrə direktoru Pavel Pçelnikov Moskvadakı mənzilində ölü tapılıb.

Hadisə ötən həftə, sentyabrın 28-də baş verib. Rusiya mətbuatı xəbər verir ki, polis Pçelnikovun ölümünü araşdırır.

Globalinfo.az bildirir ki, Pçelnikovun meyiti səhər saat 06:30-da Moskvanın cənubundakı Kolomenskaya sahilindəki mənzilinin eyvanında tapılıb. Pavel Pçelnikovun 52 yaşı var idi. O, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetini bitirib. Yük daşımaları üzrə ixtisaslaşmış “Digital Logistics” MMC-nin kommunikasiya direktoru vəzifəsində çalışıb. İlkin məlumatlara görə, o, intihar edib.

“Top Cargo 200” saytının iddiasına görə Pçelnikov tapançadan açılan atəşlə qətlə yetirilib. Pçelnikovun işlədiyi şirkət Rusiya dəmir yolu şəbəkəsini hakerlərdən qoruya bilməməkdə ittiham edilir. Bu, rus qoşunlarının mühüm resurslarla təchizatının ləngiməsinə səbəb olub.

“Güman edirik ki, o, şəbəkə infrastrukturunu Ukrayna hakerlərinin hücumundan qoruya bilməyib”, – Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib. Geraşenkonun iddiasına görə, Rusiya dəmir yollarında vaxtaşırı qəzalar baş verib ki, bu da işğalçı Rusiya ordusuna hərbi ləvazimatların vaxtında çatdırılmasına mane olub.

Pçelnikovun ölümü son vaxtlar ard-arda baş verən rus oliqarxlarının məhv edilməsi faktlarından biri hesab edilir. Son aylarda “Qazprombank”ın keçmiş vitse-prezidenti, “Qazprom”un top meneceri, “Lukoyl”un direktoru, böyük logistika şirkətinin rəhbəri, liderlərdən biri və digər oliqarxlar tərəfindən “intiharlar” törədilib.