Dağıstanın Məhərrəmkənd rayonunun “Kommunal təsərrüfat” bələdiyyə büdcə müəssisəsinin direktoru yerli sakinlərin keyfiyyətsiz su ilə kütləvi zəhərlənməsi faktı ilə bağlı həbs olunub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi məlumat yayıb.
Dağıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, bağırsaq infeksiyası əlamətləri ilə tibb müəssisələrinə 370-dən çox insan müraciət edib. “Rospotrebnadzor”un ilkin məlumatına əsasən, infeksiya su kəmərində baş vermiş iki qəza nəticəsində əhaliyə keyfiyyətsiz suyun verilməsi ilə əlaqədardır.
Faktla bağlı təhlükəsizliyin tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi üzrə cinayət işi başlanıb.
***
Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd rayonunda kəskin bağırsaq infeksiyasının yayılması nəticəsində zərər çəkənlərin sayı 372 nəfərə çatıb. Onlardan 357-si uşaqdır.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı respublikanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, hazırda 91-i uşaq olmaqla 97 nəfər stasionar şəraitdə qastroenterit diaqnozu ilə müalicə alır.
O da vurğulanır ki, son sutka ərzində 23 uşaq xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, iyulun 7-də Dağıstanın beş yaşayış məntəqəsinin – Məhərrəmkənd, Kuysun, Gilar, Qaptsax və Yuxarı Tahirkənd sakinlərində bağırsaq infeksiyası halları aşkar edilib. Faktla bağlı epidemioloji araşdırmalara başlanılıb. İlkin məlumata görə, zəhərlənmə infeksiyanın su vasitəsilə ötürülməsi ilə bağlıdır.














