Dağıstanda güclü yağışlardan sonra beş bələdiyyə üzrə 516 yaşayış evi, 556 həyətyanı sahə və 45 avtomobil yolu sahəsi su altında qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 16 müvəqqəti yerləşdirmə məntəqəsində 523 nəfər, o cümlədən 173 uşaq yerləşdirilib.
“Çeçenistanın ərazisində isə yağış suları tamamilə çəkilib, su basmış ev və sahə qalmayıb. Hazırda bərpa işləri aparılır, həmçinin dəymiş ziyanın qiymətləndirilməsi üzrə komissiyalar fəaliyyət göstərir”, – deyə bildirilib.
Qeyd edək ki, mart ayının sonu və aprelin əvvəllərində Dağıstanın bir sıra rayonlarında intensiv yağıntılar olub.
Nazirliyin məlumatına əsasən, təbii fəlakət nəticəsində 6 nəfər həyatını itirib. Ümumilikdə fövqəladə vəziyyət zonasına 1,5 milyona yaxın sakin düşüb. 1 300-ü uşaq olmaqla, 6 229 nəfər təxliyə edilib.
Dağıstan və qonşu Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət elan olunub.