COP29 və insult xəstələri…

Oksford Universitetinin yeni araşdırmasının nəticəsinə görə, Almaniyada beyin insultu keçirən xəstələrə çəkilən xərclərin ümumi miqdarı ildə 17 milyard avro təşkil edir. 2040-cı ilə qədər isə xərclərin 30 faiz artacağı gözlənilir. Bu artım nəinki Almaniyada, eləcə də bütün Avropa ölkələrində də olacaq.

Globalinfo.az xəbər verir ki, bunu tanınmış həkim, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev deyib.

O, bildirib ki, Almaniya insult xəstələrinə göstərilən həyat qurtaran tibbi xidmətə və ümumi xidmətlərə görə Avropa ölkələri içərisində ilk yerdədir. Nəticədə Almaniyada 25 il əvvəl olduğundan bu gün iki dəfə çox xəstəni xilas edirik. Burada inqilabi yenilik həmin xəstələrdə mənim də icra etdiyim beyin əməliyyatlarıdır ki, bu da Avropada ən yüksək səviyyədə Almaniyada həyata keçirilir (Yeri gəlmişkən, təvazökarlıqdan uzaq olsa da bildirim ki, Almaniya üzrə 28 yaşında bu əməliyyatları sərbəst icra edən ən gənc neyroradioloq olmuşam).

“Hazırda Almaniyada hər il 270 mindən çox insan insult keçirir. Tədqiqatçıların hesablamalarına görə, bu ölkədə xəstələr insultdan sonra ağır əlillikdən əziyyət çəksəydilər, onlara yaxınları tərəfindən hər il təxminən 1000 saat qayğı göstərilməlidir ki, bu, təkcə dövlət büdcəsinə əlavə təxminən beş milyard avro yük deməkdir.

COP29-da nəinki inkişaf etməmiş, eləcə də inkişaf etmiş ölkələr üçün də insult xəstələrinə göstəriləcək xidmətlərlə bağlı mühüm təkliflər irəli sürülməlidir. Bu, ayrı mövzudur, indi vacib olan nədir?”, – Nuran Abdullayev qeyd edib.

Tanınmış həkim sonda vurğulayıb ki, ən vacib olan – Azərbaycanın noyabr ayında COP29-da gələcək təxminən 80 min nəfər qonağa tibbi xidmətləri ən yuxarı səviyyədə təşkil edə bilməsidir. Qonaq kimi Azərbaycanda səfərdə olan dövlət rəsmilərindən, yaxud digər qonaqlardan biri beyin insultu olarsa, ona təcili (insultda operativlik çox vacibdir) və yüksək səviyyədə müasir tibbi müdaxilə təşkil edilməsi çox zəruridir. Şəxsən mən bu istiqamətdə öz üzərimə düşən təkliflərimi irəli sürəcəyəm. COP29-un bu kimi ciddi məsuliyyətlərini də nəzərə almaq və lazımi tədbirləri təşkil etmək ən vacib məsələlərdəndir. Çünki Azərbaycanı istəyəndən çox istəməyən var.