ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycanın bu il noyabrın 11-də keçirməyi planlaşdırdığı Beynəlxalq Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) öncəsi bəyanat yayıb. O, Azərbaycanı COP29-dan əvvəl fəal və jurnalistləri azad etməyə çağırıb.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ABŞ-ın ölkəmizə qarşı yanaşması ikili standartlar çərçivəsindədir:
“Ən son ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) Dini Etiqad Azadlığına dair hazırladığı hesabatda Azərbaycanın hədəfə alınmasından sonra indi də media azadlığı üzərindən ölkəmizin nüfuzuna xələl gətirilməyə çalışılır. Faktları təhrif edən, dezinformasiya xarakterli fikirlər, hesabatlar yalnız bizim ölkəmizə qarşı deyil, bütövlükdə müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı yönəlir.
Özünü demokratiyanın beşiyi sayan ABŞ Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanı hərtərəfli dəstəkləyib, tolerantlıqda ad çıxaran, multikultural, söz azadlığını qoruyan, mediaya azad platforma verən ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir. İşğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymayan Vaşinqton bu gün də eyni siyasəti davam etdirir”.
Politoloq qeyd edib ki, ABŞ-ın insan hüquqları təşkilatları ölkədə 100 siyasi məhbusun olduğunu bildirirlər:
“Afroamerikalıların hüquqları ilə məşğul olan digər insan hüquqları təşkilatı ölkədə 83 siyasi məhbusun olduğunu bildirir. Lakin beynəlxalq hüquq müdafiə qruplarının heç birinin hesabatında ABŞ-dakı siyasi məhbuslar və fəallar haqqında məlumat verilmir. Gördüyünüz kimi, Vaşinqton özü bu prinsipləri pozur”.
Turan Rzayev
Globalinfo.az