Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? – Rəsmi

Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? - Rəsmi

“Baker Tilly Audit Azərbaycan” şirkətində 1 il müddətində Biznes və Məsləhət Xidmətləri Direktoru vəzifəsində çalışan Fərhad Pərvizi 4 avqust 2025-ci il tarixində şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “APA-Economics”ə şirkətdən bildirilib.

Qeyd edilib ki, o, bu qərarı öz yeni biznes fəaliyyətinə başlamaq və şəxsi layihələrinə daha çox vaxt ayırmaq məqsədilə verib.

Fərhad Pərvizi ilə əməkdaşlıq qarşılıqlı anlaşma və peşəkar yanaşma çərçivəsində rəsmi olaraq tamamlanmış, onun şirkətlə olan bütün hüquqi və ictimai əlaqələri, o cümlədən Linkedin profili üzərindən rəsmən sonlandırılıb.

Əmək fəaliyyəti dövründə Fərhad Pərvizinin peşəkar xidmətləri hər zaman yüksək qiymətləndirilmiş və məmnunluqla qarşılanıb:

“Təəssüflə qeyd edirik ki, bu gün bəzi sosial media istifadəçiləri və səhifələri tərəfindən yayılan əsassız və yönləndirilmiş məlumatlar ictimai rəyi çaşdırmağa xidmət edir. Yayılan iddialar həqiqəti əks etdirmir və “Baker Tilly Azərbaycan” bu cür yanaşmaları qərəzli və məqsədli nüfuz zədələməsi kimi qiymətləndirir.

“Baker Tilly Azərbaycan“, 18 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərən və beynəlxalq “Baker Tilly” şəbəkəsinin etibarlı üzvü olaraq, vergi, audit, hüquq və məsləhət xidmətləri sahəsində peşəkar tərəfdaş kimi tanınır. Şirkət peşəkarlıq, şəffaflıq və etik dəyərlərə sadiqliyini bu gün də qorumaqdadır və gələcək fəaliyyətində də bu prinsiplərə sadiq qalacaqdır”.

***12:16

“Baker Tilly Azerbaijan” şirkətinin maliyyə və biznes məsləhət xidmətləri üzrə direktoru Fərhad Pərvizinin vəzifəsindən azad edilməsi ilə bağlı iddialar səsləndirilir.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, sosial mediada edilən paylaşımlarda onun vəzifəsindən azad edilmə səbəbi son günlərdə genderəsaslı ayrı-seçkiliyi legitimləşdirən çıxışları ilə rezonans doğurması göstərilib.

Sözügedən çıxışlar ictimai müzakirələrə və qınağa səbəb olduğu üçün “Baker Tilly International”ın baş icraçı direktoru Françeska Lagerberq məsələdən xəbərdar olduqlarını və bir də bu halların yaşanmaması üçün həmin şəxslə söhbət aparıldığını və “Baker Tilly Azerbaijan” şirkəti ilə daimi əlaqədə olduqlarını bildirib.

Bu gün sosial media istifadəçiləri tərəfindən edilən paylaşımlarda Fərhad Pərvizinin məhz genderəsaslı ayrı-seçkiliyə yol verən çıxışlarından sonra kütləvi şikayətlər əsasında vəzifəsindən azad edildiyi bildirilib.

Fərhad Pərvizi əlaqə saxlanılıb və o işdən çıxarılması ilə bağlı yayılan iddiaları nə təkzib, nə də təsdiq edib:

“Bu məsələ ilə bağlı “Baker Tilly” komandası ilə əlaqə saxlayın. Mən bu məsələni şərh edə bilmirəm, səlahiyyətim yoxdur”.