Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında çıxış edib.
Bu barədə Globalinfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov çıxışında qardaş Özbəkistana səmimi qonaqpərvərlik və yüksək səviyyədə təşkilatçılığa görə təşəkkürünü bildirib, BMT Nizamnaməsi və YUNESKO-nun Konstitusiyasının 80 illik yubileyinin çoxtərəflilik və sülh prinsiplərinə öhdəliyin vacibliyi və birgə dəyərlərə əsaslanan qlobal həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm tarixi mərhələ olduğunu vurğulayıb.
Azərbaycanın YUNESKO ilə tərəfdaşlığın mədəni irs və müxtəliflik, inklüziv təhsil, elmi tərəqqi və beynəlxalq həmrəyliyə dair ortaq öhdəliklərə əsaslandığı və donor ölkə olaraq mədəniyyət, elm, gənclərin imkanlarının genişləndirilməsi və mədəniyyətlərarası dialoq kimi sahələrdə irəli sürülən təşəbbüsləri dəstəklədiyi qeyd olunub.
Ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi, 2008-ci ildə Bakıda irəli sürülən və YUNESKO tərəfindən dəstəklənən “Bakı Prosesi”nin bu istiqamətdə uğurlu nümunə kimi beynəlxalq səviyyədə tanındığı diqqətə çatdırılıb.
Azərbaycanın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında 24 elementlə dünyada ön sıralarda yer aldığı bildirilib.
Nazir Ceyhun Bayramov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağıdılmış mədəni irsinin bərpasının hökumətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu prosesdə minalanmış ərazilərin böyük maneə yaratdığını qeyd edib.
Nazir, həmçinin təhsil sahəsində dayanıqlı inkişaf baxımından Azərbaycan tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyul 2023-cü il tarixli Fərmanı ilə təsis olunmuş Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzv ölkələrindən hər il 100 tələbəyə, ümumilikdə 5 il ərzində 500 tələbəyə Azərbaycanda təhsil almaq imkanı yaradıldığını bildirib.
Nazir çıxışında bundan əlavə, Azərbaycanda həyata keçirilən təhsil islahatlarına, rəqəmsal savadlılığa, gənclərimiz üçün Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat imkanlarına qoyulan sərmayələrə toxunaraq, 2030-cu ilin Gündəliyinə, xüsusilə də təhsil üzrə 4-cü dayanıqlı inkişaf məqsədinə böyük əhəmiyyət verildiyini və Azərbaycan-YUNESKO Etimad Fondu vasitəsilə də bir sıra layihələrin dəstəkləndiyini qeyd edib.
Çıxışının sonunda nazir YUNESKO-nun tərəfdaşlıq və anlaşmanın mühüm təşkilatı olmasını vurğulayaraq, heç bir regionun və ölkənin geridə qalmaması üçün birgə səylərin gücləndirilməsinə çağırış edib.
X X X
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında çıxış edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Ceyhun Bayramov çıxışı zamanı Azərbaycanın UNESCO ilə tərəfdaşlığı, çoxtərəflilik və mədəni irsin qorunması istiqamətində fəaliyyətinə toxunub.
Nazir qardaş Özbəkistana 43-cü sessiyanın tarixi Səmərqənd şəhərində yüksək səviyyədə təşkili və səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
O vurğulayıb ki, BMT Nizamnaməsinin və UNESCO Konstitusiyasının 80 illiyi çoxtərəfliliyin, sülhün və qlobal həmrəyliyin qorunmasının vacibliyini bir daha xatırladır.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın UNESCO ilə tərəfdaşlığı mədəni irsin təşviqi, inklüziv təhsil, elm və mədəniyyətlərarası dialoqa əsaslanır. Azərbaycan UNESCO proqramlarını dəstəkləyir və “Prioritet Afrika” təşəbbüsünə hədəfli layihələr vasitəsilə töhfə verir.
2013-cü ildə imzalanmış Çərçivə Sazişi çərçivəsində yaradılan Azərbaycan–UNESCO Etimad Fondu qızların təhsili, gender bərabərliyi, savadlılıq və mədəni irsin qorunması ilə bağlı layihələri maliyyələşdirir.
Nazir həmçinin Azərbaycanın UNESCO-nun İcraiyyə Şurası tərəfindən dəstəklənmiş Bakı Prosesi və Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu vasitəsilə mədəniyyətlər və dinlərarası anlayışın gücləndirilməsində qlobal liderliyini vurğulayıb.
Ceyhun Bayramov bildirib ki, Azərbaycanın işğal dövründə mədəni irsinə ciddi zərbə vurulub, hazırda isə abidələrin bərpası və qorunması istiqamətində genişmiqyaslı işlər aparılır.
O, həmçinin Heydər Əliyev Beynəlxalq Təqaüd Proqramı çərçivəsində İƏT, Qoşulmama Hərəkatı və Kiçik Ada Dövlətlərindən olan tələbələr üçün 500 təqaüd ayrıldığını xatırladıb.
Azərbaycanın UNESCO ilə “açıq elm”, “süni intellekt” və “elmi diplomatiya” sahələrində əməkdaşlığı etik innovasiyaları və biliklərə bərabər çıxışı təşviq edir.
Nazir çıxışının sonunda qeyd edib ki, UNESCO xalqlar arasında qarşılıqlı anlayış və əməkdaşlığın inkişafı üçün vacib platforma olaraq qalır:
“Azərbaycan mədəniyyətlər və nəsillər arasında körpülər qurmaq, heç bir xalqın və ya icmanın geridə qalmamasını təmin etməkdə qərarlıdır.”














