Azərbaycanla AEBA arasında Çərçivə Proqramı imzalandı – FOTOLAR

Azərbaycanla AEBA arasında Çərçivə Proqramı imzalandı - FOTOLAR

Sentyabrın 24-də BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, tərəflər Azərbaycanla AEBA arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, hazırkı birgə layihələr və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın nüvə təhlükəsizliyinin qorunmasına və daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini və bu xüsusda beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində səyləri dəstəklədiyini bildirib.

AEBA-nın nüvə təhlükəsizliyi qaydaları və standartlarının işlənib hazırlanmasında əsas rol oynadığı qeyd edilib, habelə nüvə təhlükəsizliyi və nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsində AEBA-nın vacib roluna vurğu edilib.

AEBA-nın texniki əməkdaşlıq fəaliyyəti, xüsusilə də son illər ərzində kənd təsərrüfatı, tibb, neft-kimya və ətraf mühit sahələrində Azərbaycanla Agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edilib.

Görüş zamanı Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Eyni zamanda, tərəflər arasında Azərbaycan Respublikası ilə texniki əməkdaşlığı nəzərdə tutan 2024-2029-cu illər üzrə “Ölkə üzrə Çərçivə Proqramı”nın imzalanma mərasimi keçirilib.

***09:50

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X səhifəsində paylaşım edilib.

Görüşdə C.Bayramov Azərbaycanın nüvə təhlükəsizliyini və onun möhkəmləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəklədiyini qeyd edərək, nüvə enerjisinin yayılmaması və dinc məqsədlərlə istifadə edilməsində MAQATE-nin təftiş sisteminin əvəzsiz rolunu vurğulayıb.

Daha sonra tərəflər arasında beşillik (2024-2029-cu illər – Qeyd) MAQATE ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üçün Ölkə Proqramı Çərçivəsi sənədi imzalanıb.

Qeyd edək ki, sənəd texniki əməkdaşlıq fəaliyyətləri vasitəsilə dəstəklənəcək qarşılıqlı razılaşdırılmış prioritet inkişaf ehtiyaclarını və maraqlarını müəyyən edir.

Azərbaycanla AEBA arasında Çərçivə Proqramı imzalandı - FOTOLAR Azərbaycanla AEBA arasında Çərçivə Proqramı imzalandı - FOTOLAR Azərbaycanla AEBA arasında Çərçivə Proqramı imzalandı - FOTOLAR