Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.
XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycanla Macarıstan arasında münasibətlərin strateji səviyyəsindən, hazırda bir sıra istiqamətlərdə ikitərəfli və regional əlaqələrin qarşılıqlı əsasda genişlənməsindən, yüksək səviyyəli dialoqun və qarşılıqlı səfərlərin artmasından məmmunluq ifadə olunub.
Görüşdə tərəflər, iki ölkə arasında siyasi, ticarət-iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb, bu və digər istiqamətlərdə əlaqələrin daha da dərinləşməsinə dair ortaq maraqlar diqqətə çatdırılıb. Tərəflər, həmçinin çoxtərəfli əməkdaşlıq platformaları, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində müsbət əməkdaşlıq dinamikasının gələcəkdə də davam etdirilməsinə razılıq bildiriblər.
Nazir C.Bayramov öz həmkarını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatlandırıb və Macarıstan tərəfinin işğaldan azad edilmiş ərazilərdə səylərə töhfə vermək niyyətinə görə minnətdarlığını bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib, mümkün bütün platformalarda təmasları davam etdirməyi qərarlaşdırıblar.
X X X
Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani ilə görüşüb.
XIN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüş zamanı, iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələri, onların inkişaf imkanları, enerji təhlükəsizliyi, habelə Şimali Makedoniyanın ATƏT-də 2023-cü ildə sədrliyi çərçivəsində planlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Xarici işlər naziri Ceyhun Bayramov, bölgədə hazırki vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, əlaqələrin normallaşması və bu sahədə Azərbaycan tərəfindən görülən işlər, habelə Ermənistan tərəfindən törədilən və qeyd edilən proseslərə xələl gətirən təxribatlar barədə həmkarını ətraflı məlumatlandırıb.
Ölkələr arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edən xarici işlər naziri Bucar Osmani, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib. ATƏT çərçivəsində yaşanan çətinliklər nəzərə alınaraq, təşkilatın gücləndirilməsi istiqamətində fikirləri ilə bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
X X X
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb.
XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə əlaqələr, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanla Yunanıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşün əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov həmkarına post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, azad olunmuş ərazilərin bərpa və quruculuq işləri, habelə Ermənistanın proses çərçivəsində törətdiyi çətinliklər və maneələr barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub.
X X X
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.
XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri və regionda cari vəziyyət müzakirə mövzusu olub.
Azərbaycan və Litva arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, təhsil, humanitar və s. sahələrdə faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğu qeyd edilib. Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, Azərbaycanın Aİ ilə əlaqələri, bu çərçivədə görülən işlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, post-münaqişə mərhələsində işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, nəqliyyat və kommunikasiyaların açılması, o cümlədən sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə həmkarını ətraflı məlumatlandırıb.
Nazir Qabrielius Landsberqis Azərbaycan və Litva arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd edib, bu potensialdan istifadənin vacibliyini vurğulayıb. Bölgədə enerji təhlükəsizliyi üzrə həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Nazir Qabrielius Landsberqis Litvanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
X X X
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, ATƏT çərçivəsində mövcud problemlər, habelə regionda baş verən ən son proseslər müzakirə edilib.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, danışıqlar prosesi və iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə hal-hazırkı vəziyyət, ərazilərin minalardan təmizlənməsi kimi məsələlər barədə tərəf müqabilini məlumatlandırıb.
Ermənistan tərəfinin danışıqlar prosesinə törətdiyi maneələr, öhdəlikləri kobud şəkildə pozması, eləcə də törətdiyi mina təxribatları diqqətə çatdırılıb. Mina təhdidinin aradan qaldırılması və bir sıra digər istiqamətlərdə ATƏT tərəfindən layihələrə dəstək verilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə tərəflər, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə ediblər.
X X X
Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu ilə görüşüb.
XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli münasibətlərin gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələlərinə dair müzakirə aparılıb.
Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət, habelə azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən görülən işlər, o cümlədən ərazilərimizdə mina təhlükəsi barədə ətraflı məlumat verib.
Öz növbəsində dövlət katibi Livia Leu sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, İsveçrənin Azərbaycanla Ermənistan arasında sülh prosesinə bundan sonra da töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı, həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

X X X
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.
Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, söhbət zamanı Azərbaycan-Vatikan münasibətlərinin yüksək səviyyəsi, ikitərəfli görüşlərin müntəzəmliyi razılıqla qeyd olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini və bu xüsusda Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını qeyd edərək, bunun əməkdaşlığın daha da inkişafına xidmət göstərəcəyinə əminliyini ifadə etdi.
Nazir, həmçinin qarşı tərəfə 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təbiətə qarşı törədilmiş cinayətlər, vandalizm və dağıdılmış mədəni və dini irs barədə ətraflı məlumat verib. Azərbaycanın azad edilmiş ərazilərimizdə infrastrukturun, nəqliyyat-kommunikasiya xətlərinin bərpasını həyata keçirdiyi qeyd edilib. Bununla yanaşı, Ermənistanın törətdiyi və davam edən mina təhdidləri və digər təxribatları barədə müfəssəl məlumat verilib. 1990–cı illərin əvvəllərindən 3800-dən yuxarı itkin düşmüş azərbaycanlı barədə hələ də məlumat olmadığı diqqətə çatdırılıb.
Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallager Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması və sülhün bərpa olunacağına ümid etdiyini bildirib. O, Azərbaycanın Vatikanda Səfirliyinin açılmasının vacib addım olduğu, əlaqələrin daha da genişlənməsi üçün səylərin artırılmasının zəruriliyini vurğulayıb.
Görüşdə, həmçinin Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakı məmnunluqla qeyd edilib və bunun mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.
X X X
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt ilə görüşüb.
XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT PA gündəliyində duran məsələlər, habelə regionda baş verən ən son proseslər, ATƏT PA-in Azərbaycan-Ermənistan normallaşma prosesinə mümkün töhfələri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ATƏT PA prezidentinə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.
O, Ermənistanın təxribatlarına və prosesləri ləngitmək siyasətinə baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini bildirib.
Marqareta Sederfelt ATƏT PA-nın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb və bu xüsusda ATƏT PA-nın sülh prosesini dəstəkləmək üçün parlamentlərarası dialoqu təşviq etməyə hazır olduğunu ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
X X X
Xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Yaponiyanın xarici əlaqələr üzrə dövlət naziri Şunsuke Takei görüşüb.
Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, görüşdə bu il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu, coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb.
Görüşdə siyasi məsləhətləşmələr mexanizminin, habelə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. İki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb. Bu xüsusda, alternativ enerji mənbələrindən istifadənin potensialının artırılması, iri investorlar üçün münasib olan Ələt Azad İqtisadi Zonasına sərmayə qoyuluşu istiqamətində əməkdaşlıq imkanlarından bəhs edilib. İşğaldan azad olunmuş ərazilərdə Yaponiya şirkətlərinin quruculuq prosesində iştirakı təşviq olunub.
Nazir Ceyhun Bayramov, həmkarına bölgədə mövcud cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılan əməli addımlar barədə məlumat verib. Nazir, eyni zamanda ərazilərimizdə mövcud mina təhlükəsi, bunun yaratdığı ciddi humanitar fəsadlardan söz açıb.
Görüşdə tərəflər, Yaponiyanın 2023-cü ildə BMT Təhlükəsizlik Şurasına üzvlüyü çərçivəsində mümkün əməkdaşlıq, həmçinin qlobal bə regional aktual mövzular və təhdidlər ətrafında fikir mübadiləsi aparıb.














