Ceyhun Bayramov Lavrovla Qarabağdakı vəziyyəti müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı, Azərbaycan və Rusiya arasında mövcüd əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyini diqqətə çatdırıb.

Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərk-silahı, habelə Azərbaycan ərazilərindən çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər Qarabağdakı vəziyyət, həmçinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin perspektivlərini və nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə ediblər.

Tərəflər müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılığa gəliblər.