Cənubi Qafqaz ABS Rusiya konfliktinin yeni cəbhəsinə cevrilə bilərmi

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Ağ Ev Ermənistanla Azərbaycan arasında konstruktiv dialoqun təmin olunmasını istəyir. Onun sözlərinə görə, ABŞ əvvəllər olduğu kimi, indi də üçtərəfli formatı davam etdirməyə hazırdır:

“ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker təqaüdə çıxıb. Amma Dövlət Departamentində prosesdə dərindən iştirak edən insanlar var. Onlardan biri də dövlət katibi Entoni Blinkenin özüdür” – N. Prays deyib.

Bəzi ekspertlər isə hesab edir ki, Vaşinqtonun vasitəçiliyi heç də etibarlı deyil və gələcəkdə ermənilərə statusun verilməsi istiqamətində təzyiqlər ilə nəticələnə bilər.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? Vaşinqtonun vasitəçiliyi region üçün nə vəd edir?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi Vaşinqton əvvəllər də dəfələrlə oxşar bəyanatlarla çıxış edib:

“Cənubi Qafqaz uğrunda Rusiya ilə ABŞ arasında mübarizə gedir. Tərəflər əvvəl regiondakı mövcudluqlarını gücləndirmək üçün Ermənistanla Azərbaycan arasındakı konfliktdən istifadə edirlər. İkinci Qarabağ müharibəsindən sonra yeni reallıqlar yarandı. İndi həm Moskva, həm də Vaşinqton vasitəçilik təşəbbüsləri ilə məqsədlərinə nail olmaq istəyirlər.

Əlbəttə, ikisi də qeyri-səmimidir. Biz onların qulağa xoş bəyanatlarına toxuq. Əgər Rusiya və ABŞ, həqiqətən, regional sabitlikdə maraqlı olsa idilər, keçmiş ATƏT- in həmsədri kimi fəaliyyət göstərdikləri illər ərzində münaqişənin həllinə nail olub, müharibənin başlamasına şərait yaratmazdılar”.

1644653682 kenan

Kənan Novruzov

Ekspertin sözlərinə görə, tarixi təcrübədən dərs çıxarmalıyıq:

“Kreml ilə Ağ Ev arasındakı rəqabət bizə sərf edir. Rəsmi Bakı hazırkı situasiyadan öz xeyrinə istifadə edə, tərəflərdən birinin təsir gücünü digəri vasitəsilə neytrallaşdıra bilər.

İndi ABŞ-la Rusiya arasında mübarizə daha gərgin səviyyədədir. Vaşinqton bir çox bölgədə, eləcə də Cənubi Qafqazda Moskvanın təsirini azaltmağa çalışır. Bu isə o deməkdir ki, səslənən bəyanatlarda müəyyən həqiqilik payı var.

ABŞ başa düşür ki, Azərbaycan regionun aparıcı oyunçusudur. Ona görə də Vaşinqton Bakı ilə münasibətləri pisləşdirmək istəməz. Biz bu məqamları nəzərə alaraq, regional maraqlarımızın təmin olunmasında, o cümlədən sülh müqaviləsi üçün Ermənistana təzyiq göstərilməsində Ağ Evin təşəbbüslərindən istifadə edə bilərik”.

Turan Rzayev

Globalinfo.az

Paylaş: