Üç güləşçimiz Avropa çempionatının finalında!

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Globalinfo.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə mübarizəyə start verilib.

Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan qoşulub və bolqarıstanlı Stefan Qriqorova elə ilk hissədə tam üstünlüklə qalib gəlib – 9:0. Əzizli yarımfinalda rumıniyalı Denis Mihayı da vaxtından əvvəl məğlub edərək 3-cü dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb. Millimizin kapitanı finalda türkiyəli Adem Burak Uzunla qarşılaşacaq.

Taleh Məmmədov (63 kq) da mübarizəyə 1/4 finaldan start verib və italiyalı Yakopo Sandronu 4:1 hesabıyla məyus edib. Məmmədov yarımfinalda ermənistanlı Qraçya Poqosyana növbəti dəfə qalib (5:1) gələrək ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Taleh həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə üz-üzə gələcək.

Sənan Süleymanov (77 kq) 1/8 finalda macarıstanlı Joltan Levaya müqavimət göstərə bilməyib – 0:8.

İslam Abbasov (87 kq) təsnifat mərhələsində fransalı Turpal Maqamadov tam üstünlüklə qalib gəlib – 9:0. Avropa çempionatının gümüş medalçısı 1/8 finalda ispaniyalı Daniel Erreronu da eyni hesabla üstələyib. Ancaq 1/4 finalda türkiyəli Ali Cengizə sonuncu xal (1:1) prinsipinə əsasən uduzub. Rəqib finala yüksəldiyi üçün Abbasov bürünc medal uğrunda gürcüstanlı Laşa Qobadzeylə mübarizə aparacaq.

Sabah Şəriəti (130 kq) 1/8 finalda macarıstanlı Dariuş Viteklə gərgin keçən mübarizədə sevinən tərəf olub – 5:4. Təmsilçimiz 1/4 finalda rumıniyalı Avropa çempionu və dünya üçüncüsü Alin Kiurariu üzərində inamlı qələbə qazanıb – 9:3. Şəriəti yarımfinalda gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə (1:1) əsasən qalib gələrək ilk dəfə Avropa çempionatına finalına adlayıb. Həlledici görüşdə milli üzvü 3 qat olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Rıza Kayaalpla (Türkiyə) güləşəcək.

Qeyd edək ki, medal qarşılaşmaları sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.

***

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında final görüşünə çıxıb.

57 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Alina Akobyanı sınağa çəkib. Rəqibinə “tuş”la uduzan Əliyeva Avropa ikincisi olub.

53 kq-da çıxış edən Türkan Nəsirova isə bürünc medal görüşündə türkiyəli Zeynep Yetgilə məğlub olaraq 5-ci yeri tutub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik Avropa çempionu olub.

***

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında finala yüksəlib.

Globalinfo.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib.

Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.

77 kq-dakı Sənan Süleymanovun isə yarışı medalsız başa vuracağı dəqiqləşib. Buna idmançının 1/8 finalda uduzduğu Joltan Levayın (Macarıstan) finala adlaya bilməməsi səbəb olub.