Cəlilabadda qadının qətli mülk üstündə olub – Təfərrüat / YENİLƏNİB

Cəlilabadda qadının qətli mülk üstündə olub - Təfərrüat / YENİLƏNİB

Cəlilabadda qətl törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az-a bildirilib ki, hadisə ailədaxili münaqişə zəminində baş verib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qaynı – 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***14:20

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Təhmasib Əliyev qardaşının həyat yoldaşı 1963-cü il təvəllüdlü Rəviyyə Nərimanovanı qətlə yetirib.

Məlumata görə, T.Əliyev pəncərədən evə daxil olaraq yatmış vəziyyətdə olan R.Nərimanovaya bıçaqla zərbələr vurub.

Mərhumun qardaşı Şaiq Nərimanovun sözlərinə görə, Təhmasiblə qardaşı Firdovsi arasında bir müddətdir torpaq və mal-mülk üstündə narazılıqlar olub. Xüsusilə hər iki qardaşın yaşadığı evin kimə aid olması mübahisəyə çevrilib. Son vaxtlar mübahisələr daha da gərginləşib. Həmçinin R.Nərimanova T. Əliyev tərəfindən təhdidlərə məruz qalırmış. Bu səbəbdən qadın təhdidlərlə bağlı Biləsuvarın İsmətli kəndində yaşayan ailə üzvlərinə öncədən xəbər verərək həyatından narahat olduğunu qeyd edib.

T.Əliyev və onun böyük qardaşı Firdovsi Əliyev uzun müddət mal-qara alveri ilə məşğul olub. Elə həmin gün F.Əliyev bazara yola düşəndən sonra səhərə yaxın bu hadisə baş verib.

Həmçinin mərhumun yaxınları bildirib ki, ailələr həm də bir-birilərinə ikitərəfli qohumdurlar. Belə ki, qətli törətməkdə şübhəli bilinən T.Əliyevin bacısı mərhumun qardaşının həyat yoldaşıdır.

Qeyd edək ki, T.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

***11:16

Cəlilabadda 62 yaşlı Tərbiyə Nəriman qızı Nərimanovanı qətlə yetirməkdə şübhəli bilinən Təhmasib Tərxan oğlu Əliyev polis əməkdaşları tərəfindən axtarılır.

Globalinfo.az APA-ya istinadən bildirir ki, qətl ailədaxili münaqişə zəminində baş verib.

Qeyd edək ki, Təhmasib Əliyev ölən qadının qaynı olub.

X X X

Bu gün Cəlilabadda qətl hadisəsi baş verib, 62 yaşlı qadın öldürülüb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, qətlə yetirilən kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovadır. Qadının qaynı Təhmasib Tərxan oğlu Əliyev tərəfindən qətlə yetirildiyi deyilir.

Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.