
Türkiyənin məşhur geoloqu Cəlal Şəngör İstanbulda son 1 saatda ard-arda 6 zəlzələnin meydana gəlməsinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, çox narahat olduğunu və ümidinin qalmadığını söyləyib.
“Bu saatdan sonra görüləcək ən ağıllı iş İstanbuldan köçməkdir. 1999-cu ildə baş verən zəlzələdən sonra heç nə dəyişmədi. Son 20 ildə biz heç nə öyrənə bilməmişik. Bir az nəsə etmək istəyən, cəhd göstərən olanda da onu həbsə atdıq. Mənim artıq ümidim yoxdur”.
Qeyd edək ki, İstanbulda meydana gələn 6 zəlzələdən sonra ərazidə bütün mobil operatorlar çöküb, şəhərdə ciddi tıxac yaranıb. Bəzi köhnə binaların uçduğu bildirilir.
Zəlzədən sonra professor Cəlal Şəngörün İstanbulda gözlənilən böyük zəlzələ ilə bağlı açıqlamaları təkrar gündəmə gəlib. O, İstanbulda daha dəhşətli zəlzələ olacağını, nəticədə milyonlarla insanın həyatını itirəcəyini, şəhərin yarısının su altında qalacağını söyləyib. Bu faciədən sonra hətta Türkiyənin müstəqilliyini itirə biləcəyini vurğulayıb.
Xatırladaq ki, ötən ay İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu terrora dəstək və mənimsəmə ittihamları ilə həbs olunub. O, bundan öncə böyük İstanbul zəlzələsi ilə bağlı tədbirlər planının olduğunu açıqlamış və hazırlıqların görüldüyünü bildirmişdi.
Ayşən Mustafa
Globalinfo.az