Xankəndidəki terrorçu-separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan gözlənildiyi kimi “vəzifə”sindən azad edildi. Yerinə isə Ararat Melkumyan gətirildi. Məsələ Balasanyanın “vəzifə”sindən getməsi deyil, məsələ Balasanyanın Vardanyanın Qarabağa gəlişindən sonra onun yolunda əsas maneələrdən birinə çevrilməsidir. Bu isə separatçılar arasında fikir ayrılıqları ilə yanaşı rəqabəti də artıracaqdı ki, hər şey gözlənildiyi kimi oldu.
İndi bir də bunun üzərinə Laçın yolundakı vəziyyəti, Azərbaycanın yataqlar və erməni icması ilə bağlı tələblərini gəlin. Yəni bir sözlə, Qarabağda hazırda dominantlıq uğrunda əsl savaş gedir. Balasanyanın getməsi o mənaya gəlir ki, Rusiya artıq onunla hesablaşmaqda maraqlı deyil və öz dayaqlarını yeni komanda ilə gücləndirməyə çalışır. Üstəlik, Ermənistanın da burada mövqelərini əldən vermək istəməməsi, onu göstərir ki, artıq separatçılar arasında açıq ikiyə bölünməyə start verilir.
Balasanyana gəlincə isə, uzun illərdir separatçıların liderliyində olan bu şəxsin hər şeylə səssizcə barışacağı inandırıcı deyil. Ən azından onun karyerasına da nəzər yetirilsə, bunu görmək olar.
Üstəlik, Balasanyanla bərabər İrəvan-Moskva rəqabətindən mövqelərini itirən digər separatçılar da var ki, onlar da hər iki tərəfdən narazıdırlar və məntiqə uyğun olaraq özlərinə yeni hami axtarmağa çalışacaqlar. Nəticədə separatçılar arasındakı fikir ayrılığı tam ortaya çıxacaq və hər kəs sərt şəkildə mövqeyini möhkəmləndirəcək. Bax, burada Bakı üçün əsl imkan yarana bilər. Hətta yeni hami kimi də nəzərdən keçirilməsi imkanına sahibdir (başqa alternativ onsuz da mümkün deyil). Qısaca, Qarabağdakı vəziyyət hələ indi-indi qızışmağa başlayır.
Yeni katib Ararat Melkumyana gəlincə isə, onun Moskva ilə hər zaman yaxın əlaqələri olub. Görünür, Vardanyan Qarabağa gəldikdən sonra onu öz komandasına çəkə bilib. Hələ 2018-ci ildə Rusiya-Ermənistan vahid ordu birləşməsinə Tiqran Pərvanyan təyin olunandan sonra onun yerinə I ordu korpusuna Melkumyan gətirilmişdi. Bu korpus isə Qorisdə yerləşir və əsasən, Kəlbəcər, Laçın istiqamətini nəzarətdə saxlayır. Aprel müharibəsində yaralanan Melkumyan I ordu korpusundan sonra 2019-da Xocavənddə mer kimi çalışıb, müharibədən sonra ilə Milli Təhlükəsizlik Xidmətinin birinci müavini olub. Nəzərə alaq ki, bu xidməti hələ də Paşinyan tam olaraq öz nəzarətində saxlamağa çalışır. Melkumyanla bağlı başqa bir şey isə onun sadist hərəkətlərə yol verməsidir. Belə ki, onun tabeliyindəki hərbçilər Cəbrayılda olan zaman Melkumyanın onları heç bir səbəb göstərmədən qayışla döydüklərini bildiriblər. Bu isə təbii olaraq ona nifrət yaradıb.
İlkin Həsənov
Globalinfo.az














