hekimler 134

“Ağıl dişləri digər daimi dişlərə nisbətən xeyli gec çıxır və onların inkişafı çox vaxt hiss olunmur”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı stomatoloq-cərrah Vyaçeslav Minko deyib.

Onun sözlərinə görə, müasir dövrdə bu dişlər öz ilkin funksiyasını itirib:

“Qədim dövrlərdə insanların qidası sərt və çətin çeynənən olduğuna görə əlavə dişlərə ehtiyac var idi. Lakin zamanla qidalanma dəyişib və çənə ölçüləri kiçilib, nəticədə ağıl dişləri üçün çox vaxt yer çatmır. Bu isə onların qonşu dişlərə təzyiq göstərməsinə və ya yumşaq toxumaları zədələməsinə, ağrı və narahatlığa səbəb ola bilər”.

Mütəxəssis bildirib ki, diş çıxarma prosesi fərdidir:

“Bəzilərində demək olar hiss edilmir, digərlərində isə ağrı və hətta hərarətin yüksəlməsi ilə müşayiət olunur. Ən geniş yayılmış əlamətlər diş ətində sancma hissi, diş sırasının sonunda təzyiq, eləcə də çeynəmə və ağzı açmada çətinlikdir.

Bu cür əlamətlər yaranarsa, mütləq stomatoloqa müraciət etmək lazımdır. Beləliklə, sonrakı müalicə taktikası müəyyənləşdiriləcək. Güclü ağrı, şişkinlik, irinləmə və ya ağızdan xoşagəlməz qoxu olduqda isə həkimə müraciət gecikdirilməməlidir, çünki iltihab ciddi fəsadlara və infeksiyanın yayılmasına səbəb ola bilər”.

Vyaçeslav Minko qeyd edib ki, xüsusilə təhlükəli hal dişin düzgün çıxarılmamasıdır:

“O, yanağa doğru əyilə və ya qonşu dişlərin kökünə təzyiq göstərə bilər. Hətta düzgün vəziyyətdə olduqda belə ağıl dişlərinə qulluq çətin olduğuna görə kariyes və iltihab riskini artırır.

Stomatoloqlar ən çox ağıl dişlərinin gənc yaşda — 20 yaşa qədər çıxarılmasını tövsiyə edirlər. Əgər onlar problem yaratmır və düzgün inkişaf edirsə, həkim nəzarəti altında saxlanıla bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: