“Fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin Parlamentə dəvət olunmasını istəyirəm ki, bizi narahat edən sualların cavabını onlardan soruşaq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Onun sözlərinə görə, Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır:
“Bu qədər asan yanaşma? Maraqlıdır ki, hansı məsuliyyətə cəlbetmə halları, maliyyə sanksiyaları həyata keçirilib? Kimlərsə vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Amma istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratsın.
Narahat olduğum məqamlardan biri də büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, depozit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılmasıdır. Bu üç məsələdən birinin üzərində dayanmaq istəyirəm. Müxtəlif sahələr üzrə ciddi maliyyə ehtiyacları yaranır. Vətəndaşlardan müxtəlif problemlərin həllinə köməklə bağlı on minlərlə şikayət məktubları daxil olur. Belə olan halda, dövlət orqanının vəsaiti təyinatı üzrə xərcləmədən büdcəyə qaytarması qəbuledilməzdir. Bu ona bənzəyir ki, onlarla insanın kəskin baş ağrıları var və ağrıkəsici “Parasetomol”u onlara vermədən depoya qaytarırsan”.
Safura Bənnayeva
Globalinfo.az














