buffon 1

Əfsanəvi italiyalı qapıçı Canluici Buffon milli komandada işləmək təklifindən imtina edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, İtaliya Futbol Federasiyasının texniki direktoru təyin olunan Paolo Maldini Buffonun ölkənin bütün milli komandalarının fəaliyyətini əlaqələndirən “Club Italia” strukturunda çalışmasını istəyib.

Keçmiş qolkiperin qurumda rəhbər vəzifələrdən birini tutacağı və milli komandalarla yaxından işləyəcəyi planlaşdırılıb.

Buffon daha əvvəl İtaliya millisinin nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışsa da, komandanın 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off matçında Bosniya və Herseqovinaya məğlub olmasından sonra postunu tərk etmişdi. Həmin vaxt baş məşqçi Cennaro Qattuzo və federasiya prezidenti Qabriele Qravina da istefa vermişdilər.

Bildirilib ki, Buffon Maldininin təklifini ciddi şəkildə nəzərdən keçirsə də, hazırda İtaliya futbolunda fəaliyyətə qayıtmağa hazır olmadığını düşünərək onu qəbul etməyib.

Qeyd olunub ki, İtaliya Futbol Federasiyası milli komandanın yeni baş məşqçisi axtarışlarını davam etdirir. Daha əvvəl Xosep Qvardiola və Karlo Ançelottinin bu təklifdən imtina etdiyi bildirilmişdi. Hazırda əsas namizədlərdən biri Andrea Pirlo hesab olunur.

Paylaş: