Kremlə növbəti zərbə: bu türk ölkəsi 2-ci Ukrayna olacaq?

Son illər MDB ölkələrində 9 may tarixinin Qələbə Günü kimi qeyd olunmaması tendenasiyası müşahidə olunur. Anoloji addım bu il Qazaxıstanda da atılacaq. Bəzi ekspertlər bunu Qazaxıstan və Rusiya arasındakı soyuqluqla əlaqələndirirlər.

Maraqlıdır, rəsmi Astana Kremldən üz çevirib Qərbə meyillənir? ABŞ Dövlət katibi Entoni Blinkenin bu ölkəyə səfərinin hazırkı proseslərə təsiri varmı? Qazaxıstan 2-ci Ukrayna ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Qazaxıstan bir müddətdir xarici siyasət kursunda ciddi dəyişiklik edib və gücləndirilmiş bir xətt həyata keçirir:

“Xüsusilə qeyd etmək lazımdır ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin mövqelərini möhkəmlətməsi və cəmiyyət nəzdində ona qarşı inamın artması xarici siyasət baxımdan mühüm qərarların alınmasına səbəb oldu.

Tural İsmayılov

Lakin ümumilikdə qeyd olunan məqamları Qazaxıstanın Rusiyadan uzaqlaşması kimi dəyərləndirmək doğru deyil. Qazaxıstanla Rusiya arasında çox mühüm ticari-iqtisadi layihələr həyata keçirilir. Bu layihələr həm Qazaxıstanın, həm də Rusiyanın maraqlarını ehtiva edir.

Bununla belə demək olar ki, Qazaxıstan əvvəlki dövrlərdən fərqli olaraq Rusiyanın patronajlığı altında olan bir prosesdə iştirak etmir. Hesab edirəm, bundan sonrakı dövrdə də Qazaxıstan çoxvektorlu xarici siyasət kursu həyata keçirəcək”.

Politoloq bildirib ki, Qazaxıstanın həm iqtisadi potensialı, həm də coğrafi mövqeyi bu ölkənin xarici siyasətini şaxələndirə bilir:

“Misal üçün, bu gün Qazaxıstan Qərblə yaxşı əlaqələr qurur. ABŞ-ın yüksəkrütbəli rəsmilərinin Qazaxıstana ardıcıl səfərləri, eyni zamanda verdiyi açıqlamaları da münasibətləri daha çox dərinləşdirmək istədiyini göstərir. Blinkenin Qazaxıstan səfəri ABŞ, Qazaxıstan və ümumqərb münasibətlərinin gələcək kontorlarını müəyyənləşdirdi. Qazaxıstan təkcə Qərblə deyil, həm də türk dövlətləri ilə geniş əlaqələrə malikdir. Həmçinin Qazaxıstanın Çinlə də münasibətləri yaxşıdır. Qazaxıstanın rasional, ağıllı, düşünülmüş xarici siyasəti bu ölkənin iqtisadi manevr imkanlarını genişləndirir. Düşünmürəm ki, Rusiya bu prosesdən hansısa formada qıcıq olsun”.

Turan Rzayev
Globalinfo.az