İrəvan sərhəddə yeni oyuna əl ata bilər – 6 kritik gün

“İrəvan noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində delimitasiya ilə bağlı görüşə müsbət cavab versə də, danışıqlarda iştirak edib-etməyəcəyi bəlli deyil”.

Bu sözləri Globalinfo.az-a politoloq Xəyal Bəşirov noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə əldə edilən razılığı şərh edərkən deyib.

Onun sözlərinə görə, görüş keçirilsə də, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:

“Təəssüf ki, rəsmi İrəvan bu günə qədər nə üzərinə götürdüyü öhdəlikləri icra edib, nə də verdiyi sözləri tutub. Yəni konkret bir etimad mühiti yoxdur. Lakin reallıq tam dəyişib. Ermənistan tərəfi də bilir ki, sülhdən başqa yol yoxdur. Əgər sülhdən yayınsalar, proses yenidən hərbi gərginlik etabına qayıdacaq. Xüsusilə 19-20 sentyabr tarixində baş verən proseslərlə Ermənistan iqtidarına başa saldıq ki, ona heç kəs kömək edə bilməz. Buna görə də hesab edirəm, birgə sərhəd komissiyasının yaradılması da Azərbaycanın iradəsinin nəticəsidir.

Xəyal Bəşirov

Uzun zaman sonra yenidən bu motivdə görüşün keçirilməsi müsbət hadisədir. Lakin yenə də Ermənistanın son anda görüşdən imtina etmək riskləri də var. Çünki Ermənistan heç sərhəd komissiyası da yaratmaq istəmirdi. Ən başından bu prosesə qarşıdır. Lakin sonda Azərbaycanın dediyi oldu. Hesab edirəm, rəsmi İrəvan pozuculuq siyasətindən imtina etməli, mövcud prosesdə maraqlı olmalıdır”.

Turan Rzayev
Globalinfo.az