Bu şəxslərin pensiyasında artım iki dəfə olacaq

Bu şəxslərin pensiyasında artım iki dəfə olacaq

2025-ci ilin yanvarın 1-dən etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. Bu aydan isə ən aşağı pensiya 320 manatdır.

Bəs işləyən vətəndaşların pensiyaları necə artırılacaq?

Globalinfo.az xəbər verir ki, deputat Vüqar Bayramov deyib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası 6 ildən sonra yenidən hesablanır:

“6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bununla yanaşı, işləyən vətəndaşların pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydlara əsasən 8.1 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa, pensiyasına əlavə olunur”.

Bu şəxslərin pensiyasında artım iki dəfə olacaq

Vüqar Bayramov

Deputat bunu nümunə ilə də izah edib:

“Vətəndaşa 2019-ci ilin fevralın 1-də yaşa görə ümumi əsaslarla 700 manat əmək pensiyası təyin olunub və şəxs işləməyə davam edib. Onun pensiya məbləği daha sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Belə ki, şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25200 manat pensiya kapitalı var. Bu, 72-yə bölünür və nəticədə həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaş əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilir. Fevral ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 700 manat + 56.7 manat (700 manat X 8.1%) + 350 manat = 1106.7 manat. Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə, artımdan faydalana bilərlər”.

Zaira Akifqızı
Globalinfo.az