Azərbaycanda gənclərin, xüsusilə də uşaqların ümumi əhali arasındakı payı sürətlə azalır. Əgər 1990-cı ildə 0–17 yaş arası uşaqlar əhalinin 38,5 faizini təşkil edirdisə, 2023-cü ildə bu göstərici 25,9 faizə düşüb. Bu dəyişiklik ölkədə demoqrafik baxımdan “qocalma” tendensiyasının göstəricisi hesab olunur.
Bu, cəmiyyət üçün nə vəd edir?
Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, ölkəni təhlükəli gələcək gözləyir:
“Bir neçə ildən sonra əsgər çağırışına oğlan, onları dünyaya gətirəcək qızlar tapılmayacaq. Bu, tədricən “soyda quruma” prosesinə gətirib çıxaracaq. Bağçalarda, məktəblərdə uşaq çatışmazlığı yaşanacaq. Bu, artıq 10-20 il ərzində hiss olunacaq. Gələcəkdə bir çox sahələrdə peşəkar kadr qıtlığı yaranacaq. Halbuki yaşlı nəslin yerini gənclər tutmalıdır. Lakin doğulanların sayı dünyadan köçənlərin sayına adekvat deyil. Əsas səbəblərdən biri nikahların və doğumların azalmasıdır. Hazırda bir uşaqlı, yəni “cırtdan ailə” modeli üstünlük təşkil edir. Bu vəziyyəti dəyişmək üçün çoxuşaqlılığı təşviq etmək vacibdir. Ailələr könüllü şəkildə övlad sahibi olmağa maraqlı olmalıdırlar. Bu isə yalnız dövlətin təşviqedici proqramları vasitəsilə mümkündür”.
Lalə Mehralı
Sosioloq bu istiqamətdə bir neçə təklif də səsləndirib:
“Məsələn, iki və daha çox uşağı olan ailələr üçün xüsusi imtiyazlar nəzərdə tutulmalıdır. Yaxud üç və daha artıq uşağı olan ailələrə ev, torpaq, sosial təminatlar ayrılmalı, çoxuşaqlı ailə müavinəti, “qəhrəman ana” statusu tətbiq olunmalıdır. Hər yeni doğulan uşaq üçün birdəfəlik və daimi müavinətlər artırıla bilər. Əgər ailələr dövlətin dəstəyini hiss etsələr, çoxuşaqlılığa qayıdış mümkündür. İndiki vəziyyətin əsas səbəbi maddi sıxıntılardır. Təhsil, repetitorlar, dolanışıq, geyim, sağlamlıq xərcləri insanları ciddi şəkildə çətin duruma salır. Buna görə də qadınlar ya tibbi vasitələrdən, kontraseptivlərdən istifadə edir, ya da aborta üstünlük verirlər. Problemin qarşısını almaq üçün təcili mexanizmlər hazırlanmalı və tətbiq olunmalıdır:
Zaira Akifqızı
Globalinfo.az














