Qış fəslinin gəlməsi və hava şəraitinin dəyişməsi ilə əlaqədar bəzi yerlərdə iş prosesini davam etdirmək mümkünsüz hal alır. Əksər şirkətlər qanunvericiliyə uyğun olaraq normadan artıq isti və ya soyuq havalarda açıq yerlərdə işi dayandırsalar da, buna əməl etməyənlər də tapılır.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Elçin Sadıqov bildirib ki, bu barədə Əmək Məcəlləsinə 2 saylı əlavədə aydın bəhs olunub:
“Orada göstərilir ki, ilin soyuq vaxtında, açıq havada, isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması, işçilərə fasilələrin verilməsi zəruridir.
Əgər bu hallarda işçilərin işə cəlb edilməsi baş verərsə, artıq İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsi işə düşür. Burada 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutulur.
Eyni zamanda, həmin qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan işçilərin sağlamlığına yüngül zərər dəyərsə, o zaman 1000 manatdan 1500 manatadək, az ağır zərər vurulduqda isə 1500 manatdan 2000 manatadək cərimə yazılır”.
Hüquqşünas qeyd edib ki, bu qaydaların pozulması nəticəsində işçilərin sağlamlığına ağır zərər vurularsa, bu, cinayət məsuliyyəti yaradır:
“Cinayət Məcəlləsinin 162-ci maddəsində “Əmək mühafizəsi qaydalarının pozulması” nəzərdə tutulur. Bu maddəyə görə, səbəbkar şəxs ağır zərər vurulmasına görə 2000 manatdan 3000 manatadək cərimə və ya iki ilədək müddətdə islah işləri və ya bir ilədək müddətdə azadlığın məhdudlaşdırılması, ya da 6 ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər insan ölümünə səbəb olduqda isə orada maksimum cəza həddi 5 ilədəkdir. İki və daha çox insanın ölümünə səbəb olduqda 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası təyin olunur”.
Zaira Akifqızı
Globalinfo.az














