Babayan separatçıların arasına çaxnaşma salıb – Səbəb

“Samvel Babayan uzun müddətdir ki, separatçıların lideri olmaq istəyir. O bu istiqamətdə həm Arayik Arutyunyanı, həm də Ruben Vardanyanı tənqid etməkdən geri durmur”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Qarabağdakı qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş rəhbəri” Samvel Babayanın Xankəndidə “Mədəniyyət Evinin” qarşısında etiraz aksiyası təşkil etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qarabağda separatçılar arasında gərginlik artır:

“Xüsusilə Samvel Babayan separatçıların lideri olmaq istiqamətində aktiv şəkildə fəaliyyət göstərir. Babayanın bir müddətdir Bakı ilə erməni icması arasında danışıqlarda iştirak etdiyi, hətta erməni icmasının rəhbəri olmasına dair iddialar var. Lakin mən nə o, nə də bir başqasının Bakı ilə danışıqların tərəfi olmasına inanmıram.

Rəsmi Bakı açıq şəkildə deyib ki, separatçılar ilə danışıq olmayacaq. Ermənilərə heç bir xüsusi imtiyaz yada status verilə bilməz. Bu qəbuledilməzdir. Ermənilərin qarşısında cənab prezidentin də dediyi kimi iki yol var: Ya qanunlarımızı qəbul edib birlikdə yaşamaq, ya da istədikləri ölkəyə sərbəst şəkildə getmək”.

Turan Rzayev
Globalinfo.az