Bu sakinlər həm enerji istehsal edəcək, həm də onu satacaq

Bu sakinlər həm enerji istehsal edəcək, həm də onu satacaq

30 illik mübarizə, səbir və əzmin gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun şücaəti ilə Qarabağ işğaldan azad edildi. Bu gün o torpaqlara yeni həyat vermək üçün bütün qüvvələr səfərbər edilib, dağıdılmış şəhərlərimiz və tarixi irsimizin bərpası davam etdirilir. Qısa zamanda həm işğaldan azad edilmiş bir çox ərazimiz bərpa edildi, həm də yüzlərlə vətəndaşımız ata-baba yurdlarına qayıdıb.

Azərbaycan 2030-cu ilədək 5 milli prioritetdən biri kimi Böyük Qayıdışın təmin edilməsini hədəf seçib. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi inkişafın təmin olunması bu planın tərkib hissəsidir.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bu torpaqlardan didərgin düşmüş 1 milyondan çox insanın geri qaytarılması əsas məsələ idi:

“Prezident İlham Əliyevin rəhbərliyi altında başlanan böyük qayıdış siyasəti uğurla icra edilir. 2026-cı ilə qədər “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun Laçın, Füzuli, Şuşa şəhərlərində və 4 kəndində azərbaycanlıların məskunlaşdırılması artıq təmin edilib.

Zəngilanın Ağalı kəndi azərbaycanlıların işğaldan sonra məskunlaşdığı ilk yaşayış yeridir. 10 may 2024-cü il tarixindən etibarən, keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində də azərbaycanlıların məskunlaşdırılması təmin edilib. Hazırda məskunlaşma böyük sürətlə davam edir. Mühüm nəqliyyat-kommunikasiya qovşaqları tikilib istifadəyə verilir. 26 may 2021-ci ildə uzunluğu 44,5 km olan Bərdə–Ağdam avtomobil yolunun tikintisinə başlanılıb. İki gün sonra mayın 28-də bərpa işlərinin başlanması mərasimi olub.

Bu sakinlər həm enerji istehsal edəcək, həm də onu satacaq

Zeynal Əmrəliyev

Böyük qayıdışın sürətlə həyata keçirilməsi Azərbaycanın qələbəsini möhkəmləndirmək baxımından önəmlidir. Azərbaycan bu məsələni uğurla icra etdikdə xarici dövlətlərin də Qarabağ və Şərqi Zəngəzura marağı artır. Hazırda bu bölgə Cənubi Qafqazda investisiya üçün ən cəlbedici yerlərdən biridir. Beynəlxalq aeroportaların tikintisi bu işi daha da sürətləndirir. Azərbaycan məskunlaşma siyasəti ilə dünyaya örnəkdir. Gələcəkdə də dünya dövlətləri ölkəmizin bu uğurlu fəaliyyətindən yararlanacaqlar.

Dövlətimizin başçısı bildirib ki, dörd şəhərə və dörd kəndə vətəndaşlar artıq qayıdıblar. Azad edilmiş ərazilərdə 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq”.

Politoloq xatırladıb ki, Qarabağ, Şərqi Zəngəzur həm də yaşıl enerji zonaları elan edilib:

“Ümumiyyətlə, Günəş Elektrik Stansiyası ilə bağlı Azərbaycanın böyük planı var. Vətən müharibəsi bitdikdən sonra Azərbaycan hidroelektrik enerjisi sahəsinə vəsait yatırıb. Son üç ildə 270 meqavat gücündə su elektrik stansiyaları istifadəyə verilib. Bu rəqəm 500 meqavata çatdırılacaq. Bu bizə regionu tam əhatə etməyə kifayət edəcək. Tam inteqrasiya olunmuş elektrik kabeli layihəsi həyata keçirildikdən sonra Qarabağda istehsal edilən elektrik enerjisi Azərbaycanın digər bölgələrinə nəql olunacaqdır.

Yerli əhali də bu layihələrdən yararlana biləcək. Belə ki, tədricən fərdi evlərdə də yaşıl enerjinin istehsalı mümkün olacaq. Ata-baba yurdlarına köçən soydaşlarımız həm özü enerji istehsal edəcək, həm də bu enerjini sata biləcək. Bu tipli məskənlərin, kəndlərin sayı tədricən artacaq.

“Böyük Qayıdış” proqramı birxətli deyil, hərtərəfli layihədir. Məqsəd təkcə soydaşlarımızı köçürmək yox, Qarabağa həyatı gətirməkdir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Turan Rzayev
Globalinfo.az

Bu sakinlər həm enerji istehsal edəcək, həm də onu satacaq