Norveç 2025-ci ildə Ukraynaya yardımın həcmini üç dəfə artıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Yens Stoltenberq “NRK” televiziya və radio yayım şirkətinə açıqlamasında bildirib.
O bildirib ki, Norveç hökuməti 2025-ci ildə Ukraynaya göstəriləcək yardımın həcmini əvvəl planlaşdırılan 35 milyard kron əvəzinə 85 milyard Norveç kronuna (təxminən 7,8 milyard ABŞ dolları) çatdırmaq qərarına gəlib.
“Biz hərbi dəstəyi üçqat artırırıq”, – deyə Stoltenberq vurğulayıb.
Qeyd edək ki, Ukraynaya dəstəyin artırılacağı ilə bağlı planları Norveçin Baş naziri Yonas Qar Störe hələ mart ayının əvvəlində açıqlamışdı. O bildirmişdi ki, hökumət tezliklə Ukraynaya yardım büdcəsinin yenidən nəzərdən keçirilməsi ilə bağlı parlamentə müraciət edəcək. Daha sonra Norveç parlamenti bu təklifi təsdiqləyib.
Aysel Əliyeva
Globalinfo.az














