Kanada ABŞ-dan olan məhsullara əhəmiyyətli tariflər tətbiq etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, bu addım Trampın Kanada məhsullarına 25%-lik gömrük tarifləri tətbiqindən sonra reallaşdırılacaq.
Agentlik yazır ki, Kanada baş nazirinin səlahiyyətlərini icra edən Castin Trüdonun köməkçiləri Trampın inauqurasiyasına qədər artırılacaq potensial tariflərin siyahısını dərc etmək barədə müzakirə aparıblar. Bununla belə kanadalıları çəkindirən əsas məsələ Trampın həqiqətən tarif artımına gedib-getməyəcəyi ilə bağlı dəqiq cavabların olmamasıdır.
“Kanadanın cavabı Trampın əslində nə edəcəyindən asılı olacaq. Trüdo administrasiyası hər şeydən öncə çalışır ki, ticarət müharibəsindən qaçsın” – deyə agentliyin mənbəsi deyib.
Qeyd edək ki, Tramp bundan öncə Kanadanı sərt tənqid edərək, onu ABŞ-nin 51-ci ştatı edə biləcəyini deyib. ABŞ-nin yeni seçilmiş prezidentini Kanada ilə bağlı narahat edən əsas məsələ buradan ölkəyə qanunsuz miqrasiyanın artması olub.
Əliyar Xəlil
Globalinfo.az














