“Sosial-iqtisadi vəziyyət müəllimləri çox dərs deməyə məcbur edir”.
Globalinfo.az xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.
Onun sözlərinə görə, 2016-cı ildə bir stavka dərs yükünün 12 saatdan 18 saata qaldırılması ciddi səhv idi:
“Bu qərar müəllimin fənnə, şagirdə və özünə vaxt ayırmaq imkanlarını məhdudlaşdırdı. Hesab edirəm ki, müəllimlərin bir stavka dərs yükü yenidən 12 saata endirilməli, hər bir müəllim üçün sabit vəzifə maaşı 500-600 manat arası müəyyənləşdirilməlidir. Dərs yükünə görə isə ayrıca ödəniş tətbiq olunmalıdır”.
Ekspert bildirib ki, ABŞ, Türkiyə və Almaniya kimi ölkələrdə müəllimlərin dərs saatları 19-30 saat aralığında tənzimlənir:
“Azərbaycanda isə bu rəqəm bəzi hallarda həftədə 36 saatı aşır. Bu, həm müəllimi, həm də şagirdi itirən bir sistemdir. Keyfiyyətli təhsil istəyiriksə, əvvəlcə müəllimə yaxşı iş şəraiti yaratmalıyıq”.
Günay Rəsulqızı
Globalinfo.az














